logo

Azərbaycanın “yox” deməsi Ermənistanın mövqeyini gücləndirəcəkdi

19:29 10-10-2020 | icon 1708
Azərbaycanın “yox” deməsi Ermənistanın mövqeyini gücləndirəcəkdi

Xəbər verdiyimiz kimi, ötən gecə  Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri arasında 11 saat ərzində davam edən danışıqlar nəticəsində 4 bənddən ibarət bəyanat qəbul edilib. 

 YeniAvropa xəbər verir ki, 11 saat ərzində davamlı olaraq danışıqların aparılması prosesin mürəkkəb olduğunu və gərgin bir şəraitdə aparıldığını göstərir. Qəbul edilmiş bəyanatın birinci bəndinə əsasən, bu gün saat 12:00-dan etibarən humanitar məqsədlərlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və onun kriteriyalarına uyğun olaraq, hərbi əsirlər və digər saxlanılan şəxslər və ölənlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunur. 

Lakin görünən odur ki, Ermənistan tərəfi atəşkəsin şərtlərinə əməl etmədi. Düşmən qüvvələri bu saatdan sonra Azərbaycanın şəhərlərini hədəfə almaqda davam edib. 

Ermənistan yenidən riyakar siyasətini davam etdirir. Azərbaycan Ordusu da düşmənin bu həmlələrinə cavab verməlidir. 

Qeyd edək ki, humanitar atəşkəs birinci mərhələdir. Bu hərbi əməliyyatlar gedişində dəyişilmiş status-kvonun siyasi və diplomatik müstəviyə daşınması deməkdir. Prezident İlham Əliyevin ötən gün xalqa müraciətində bildirdiyi kimi, artıq danışıqların gedişində şərtləri Azərbaycan müəyyən edir. Ermənistanın havadarları Azərbaycana qarşı hər hansı şərtlərin irəli sürülməsinin qəbuledilməzliyini başa düşüb. Ancaq nəzərə almaq lazımdır ki, bütün bu əməliyyatlar Azərbaycana qarşı artan siyasi-diplomatik təzyiqlər şəraitində həyata keçirilir. Buna baxmayaraq Prezident İlham Əliyev bu təzyiqlərə qarşı dirəniş nümayiş etdirir. 

Məharətli və vaxtında atılan addımlarla ölkəmizə qarşı olan təzyiqləri neytrallaşdırır. Şanlı Ordumuzun döyüş meydanında qazandığı uğurlar diplomatik cəbhədə də nailiyyətlərimizin artmasına səbəb olur. Diplomatiyada səhvə yol verilməsi hərbi üstünlüklərimizin də əldən çıxmasına səbəb ola bilər. Ona görə də humanitar atəşkəslə bağlı razılıq əldə edilməli idi. Azərbaycanın bu məsələyə "yox" deməsi Ermənistanın mövqeyini gücləndirmiş olardı. Ancaq bu gün saat 12-dən sonra məlum oldu ki, Ermənistan tərəfi bəyanatın şərtinə əməl etmir. 

Prezident İlham Əliyev ötən gün xalqa müraciətində qətiyyətlə vurğuladı ki, Ermənistan Moskva danışıqlarından sonra yenə də saxtakarlıq edəcəklərsə, özləri peşman olacaqlar: “Biz torpaqlarımızı geri alacağıq - sülh yolu ilə, ya da ki, müharibə yolu ilə. Amma işğalçıya bəlkə də sonuncu dəfə şans veririk ki, çıxın bizim torpaqlarımızdan. Çıxın, öhdəlik götürün, danışıqlara qayıdın, danışıqların formatına qayıdın”.

Bütün dünya və beynəlxalq təşkilatlar bilir ki, humanitar atəşkəs müvəqqəti xarakter daşıyır. Əgər bundan sonra Ermənistan yenə də öz siyasətini davam etdirəcəksə və işğal olunmuş ərazilərdən öz qoşunlarını çıxarmayacaqsa, onda hərbi əməliyyatların bərpa olunması hər zaman baş verə bilər. Çünki artıq təmas xətti deyilən anlayış yox olub. Azərbaycan həm status-kvonu, həm də təmas xəttini öz xeyrinə dəyişdirib. Münaqişənin hərbi yolla həllinin mümkün olduğunu 14 günlük döyüşlərlə Azərbaycan yenidən dünyaya nümayiş etdirdi.

Prezident İlham Əliyev həmişə, o cümlədən Ermənistanın hərbi təxribatlarına qarşı başlanılan son əks-hücum əməliyyatlarının gedişində yenilməz siyasi iradə, əzm, qətiyyət, prinsipiallıq nümayiş etdirib. Ölkə başçısı düşmən ölkənin havadarları olan dövlətlər və böyük güclərin təzyiqlərinə baxmayaraq, Azərbaycanın milli maraqlarını qətiyyətlə müdafiə edir. Bir daha sübut olundu ki, Azərbaycanın milli maraqları Prezident İlham Əliyev üçün ən ali dəyərdir. Azərbaycan işğalla heç zaman barışmayacaq. Biz Aprel döyüşlərində də düşmənə sarsıdıcı zərbə vurmuşuq. Amma sentyabrın 27-dən başlayan antiterror əməliyyatları miqyasına görə daha böyük əməliyyatlardır. Bu müddət ərzində Azərbaycanda milli birlik, həmrəylik nümayiş edildi. Kiçikdən böyüyə hər kəs Azərbaycan əsgərinə dəstək nümayiş etdirib. Cəbhəyə könüllü getmək istəyənlər yenidən səfərbər oldular. Yaşadığı yerdən asılı olmayaraq bütün soydaşlarımız, o cümlədən Azərbaycanı dəstəkləyən hər bir kəs bütün informasiya platformalarında həmrəy olub Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində fədakarcasına mübarizə apardılar. Mülki insanlarımızı bir daha hədəfə almaqla Ermənistanın hərbi-siyasi rəhbərliyinin anti-insani, faşist simasını yenidən ifşa etdi.

Bir daha sübut olundu ki, Ermənistanın əsas hədəfi yaşayış məntəqələri və dinc əhalidir. Azərbaycanın öz torpaqlarını azad etmək üçün başladığı əks-hücum Dağlıq Qarabağ probleminin həlli məsələsini dünya birliyi üçün prioritetlər sırasına gətirib. Artıq beynəlxalq vasitəçilər münaqişənin donmuş vəziyyətdə qalmasının yolverilməzliyini anlayır. Ancaq danışıqlar baza prinsiplərinə əsaslanmalı, BMT TŞ-nin qətnamələri və Helsinki yekun aktının tələbləri əsas götürülməli, Ermənistan irəli sürülmüş tələbləri icra etməli, qoşunların işğal olunmuş ərazilərdən çıxarılması qrafikini təqdim etməlidir. Həmsədrlər də fəaliyyətini bu istiqamətdə qurmalıdırlar. Türkiyə region dövləti olaraq danışıqlar prosesində və münaqişənin hərtərəfli həlli prosesində öz rolunu oynamalıdır. Bir daha bildirək ki, qarşıdakı günlər Ermənistana mövcud reallığa adekvat addımlar atmaq, iddialarından geri çəkilmək, işğal siyasətinə son qoymaq, münaqişənin beynəlxalq hüquq çərçivəsində həlli istiqamətində real addımlar atmaq üçün son şansdır.

Prezident İlham Əliyevin də vurğuladığı kimi “Biz torpaqlarımızı geri alacağıq - sülh yolu ilə, ya da ki, müharibə yolu ilə. Birmənalı!”