logo

Ceyhun Bayramov Mövlud Çavuşoğluna Moskva görüşünü anlatdı

15:10 10-10-2020 | icon 2317
Ceyhun Bayramov Mövlud Çavuşoğluna Moskva görüşünü anlatdı

Oktyabrın 10-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.

YeniAvropa xəbər verir ki, bu haqda  Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Telefon danışığı zamanı nazir Ceyhun Bayramov Moskva şəhərində Rusiya xarici işlər nazirinin vasitəçiliyi ilə keçirilən Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü barədə türkiyəli həmkarını məlumatlandırıb.

Nazir Azərbaycan ilə Ermənistan arasında humanitar məqsədlərlə müvəqqəti atəşkəsin elan olunduğunu, mahiyyət etibarilə danışıqların aparılması və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasına dair işğalçı ölkəyə sonuncu şansın verildiyini qeyd edib.

Mövlud Çavuşoğlu Türkiyənin əsirlərin və cəsədlərin dəyişdirilməsi üçün elan edilən atəşkəsin önəmli addım olmaqla yanaşı, davamlı həll yolu olmadığını və Türkiyənin yalnız Azərbaycanın qəbul edəcəyi həll yolunu dəstəkləyəcəyini vurğulayıb.

Nazir Ceyhun Bayramov Azərbaycanın prinsipial mövqeyinə istinad edərək bölgədə sülhün təmin olunması üçün BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin həyata keçirilməsinin zəruriliyini bildirib.