logo

Ermənilər dinc əhaliyə qarşı qadağan olunmuş bombalardan istifadə edib

13:59 10-10-2020 | icon 1890
Ermənilər dinc əhaliyə qarşı qadağan olunmuş bombalardan istifadə edib

Ermənistan silahlı qüvvələri sentyabrın 27-dən başlayaraq, azərbaycanlı dinc əhaliyə qarşı qadağan olunmuş hərbi sursatlardan istifadə edib. Onların arasında kaset sursatlar və ağ fosforlu mərmilər də var. Hansı ki, bu silahların mülki ərazilərə qarşı istifadə olunması beynəlxalq humanitar hüquq prinsiplərinə ziddir.

 YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) keçirdiyi mətbuat konfransında bildirilib.

ANAMA-nın əməliyyatlar üzrə meneceri Elnur Qasımov deyib ki, sentyabrın 27-dən oktyabrın 8-dək Daxili İşlər Nazirliyinin 102 və Fövqəladə Hallar Nazirliyinin 112 zəng mərkəzlərindən ANAMA-ya 402 çağırış edilib və 366 əməliyyat çıxışı icra olunub. Agentliyin əməkdaşları kiçik bölmələr şəkilində yaşayış məntəqələrində və digər ərazilərdə çağırışlara cavab olaraq dərhal həmin ərazilərə gedir, əhali ilə görüşür və onları təhlükəyə məruz qoya biləcək obyektlərin götürülməsi, çeşidlənməsi, zərərsizləşdirilməsi işləri həyata keçirilir. Bəzən qruplar humanitar fəaliyyətin tərkib hissəsi olsalar da, atəş altında fəaliyyət göstərirlər.

Bildirilib ki, təcili və təxirəsalınmaz axtarış və zərərsizləşdirmə əməliyyatlarını Ağdam, Ağdaş, Ağcabədi, Bərdə, Beyləqan, Biləsuvar, Cəbrayıl, Goranboy, Naftalan, Füzuli, Tərtər, Şəmkir, Hacıqabul, Zərdab və Yevlax rayonları, Gəncə və Mingəçevir şəhərlərində icra olunmaqdadır. Düşmən müxtəlif növ sursatlardan istifadə edir. Brifinqdə səslənən məlumatlar ancaq mülki ərazilərə aiddir. Məlumatlar silahlı qüvvələrin əməliyyat dairəsinə aid deyil.

Aparılan humanitar fəaliyyət nəticəsində 1 ədəd aviabomba (OFAB-100), 23 ədəd 300 millimetrlik 9M528 raketi (Smerç), 1 ədəd 9M528 raketinin mühərrik və döyüş başlığı hissələri, 1 ədəd 300 millimetrlik 9M55K raketinin döyüş başlığı, 35 ədəd top mərmisi, 12 ədəd tank əleyhinə reaktiv raketlər, 1 ədəd raketin təzyiq akkumulyatoru (9D180), 1 ədəd tank əleyhinə idarə edilən raket aşkar olunub. Bu günədək tərkibində partlayıcı maddə olan 707 ədəd sursat aşkarlanıb.

“Kaset sursatlarından mülki ərazilərə qarşı istifadə olunması beynəlxalq humanitar hüquq prinsiplərinə ziddir. Eləcə də mülki obyektlərin atəşə tutulması nəticəsində zərərçəkən şəxslər var. Bu günədək 598 ədəd kaset sursatı aşkar edilib. 9N235 tipli bombacıqlar hər raketdən 72 ədəd tökülür. Hər birinin tərkibində 360 ədəd qəlpə var. Dünən aldığımız məlumata görə, Bərdə və Goranboy ərazisində yenidən düşmən tərəfindən kaset sursatlarından istifadə edilib. Qruplarımız mümkün qədər tez vaxtda həmin ərazilərə gedərək onların təmizlənməsini həyata keçirib. Onu da bildirim ki, dünən ANAMA-nın əməkdaşı Samir Əsədov fəaliyyətini icra edərkən qəlpə yarası alıb”, - deyə ANAMA-nın əməliyyatlar üzrə meneceri diqqətə çatdırıb.

Onun sözlərinə görə, əməliyyatlara cəlb olunmuş heyət 70 nəfərdən ibarətdir və kiçik qruplar şəklində yaşayış məntəqələrində fəaliyyət göstərir. Əlavə 14 qrup da ehtiyatdadır.

Vurğulanıb ki, kaset sursatları Kaset sursatları haqqında konvensiya ilə qadağan olunub. Onların mülki əhaliyə qarşı istifadə olunması bir cinayətdir. 2016-cı ildə də Tərtər rayonunun Əskipara kəndinə düşmən tərəfindən ağ fosfor tərkibli D-4 markalı artilleriya mərmisi istifadə olunmuşdu. Oktyabrın 8-də Füzuli rayonunun Arayatılı kəndinə yenidən ağ fosforlu 122 millimetrlik top mərmisi atılıb. Həmin mərmi də zərərsizləşdirilib.

Azərbaycanda 2000-2020-ci illərdə 546 milyon 152 min 785 kvadratmetr ərazi təmizlənib, 808 min 895 ədəd mina və hərbi sursat aşkar olunub.

Elnur Qasımov qeyd edib ki, ərazilərimiz işğaldan azad edildikdən sonra həmin ərazilərin təmizlənməsi üçün uzun vaxt lazım olacaq. Çünki ANAMA 20 il ərzində fəaliyyət göstərir, hələ də mina və hərbi sursat aşkar edilir. Əməliyyatlarla paralel, mina təhlükəsizliyi üzrə maarifləndirmə işləri də aparılır.