logo

Ekspertlərdən XİN rəhbərlərinin Moskva görüşünə sözardı: "Prezident bu anlaşmadan imtina etməlidir"

10:15 10-10-2020 | icon 2079
Ekspertlərdən XİN rəhbərlərinin Moskva görüşünə sözardı: "Prezident bu anlaşmadan imtina etməlidir"

Xəbər verdiyimiz kimi, Rusiya Federasiyası, Azərbaycan və Ermənistan xarici işlər nazirləri Moskvadakı məsləhətləşmələrin ardından ortaq sənəd qəbul etdilər. Sənədə əsasən, Moskva danışıqlarında Dağlıq Qarabağda atəşin əsirlərin və döyüş meydanında qalan cəsədlərin dəyişdirilməsi üçün 10 oktyabr 12:00-dan dayandırılması ilə bağlı razılıq əldə edildi.

YeniAvropa xəbər verir ki, sənəddə qeyd olundu ki, Azərbaycan və Ermənistan ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə münaqişənin baza prinsipləri əsasında sülh yolu ilə nizamlanmaya nail olmaq üçün substantiv danışıqları başlayır. Qəbul edilmiş sənədin 4-cü bəndinə görə isə tərəflər danışıqlar prosesinin dəyişməzliyini təsdiqləyir.

Görüş 10 saatdan çox davam edən görüşün ardından azərbaycanlı ekspertlər sosial şəbəkələrdə nəticə barədə öz fikirlərini bölüşüblər. Həmin statusların bir neçəsini təqdim edirik:
 
 
Politoloq-jurnalist Şahin Cəfərli:
 

"Atəşkəs barədə razılıq əldə edildi. Bu gün - 10 oktyabr, saat 12:00-dan etibarən atəş dayandırılır. Azərbaycan və Ermənistan münaqişənin həlli üzrə substantiv (mahiyyəti üzrə) danışıqlara başlamaq barədə razılığa gəlib. Yəni söhbət təkcə humanitar məqsədli müvəqqəti atəşkəsdən getmir, tərəflər ümumən həll prosesini davam etdirməyi qərara alıb.
 
Razılaşma üç ölkə rəhbəri - Putin, İlham Əliyev və Paşinyan arasında əldə edilib. Bu məqam bəyanat mətninin girişində qeyd olunub. Dördüncü (sonuncu) maddədə isə yazılıb: "Tərəflər danışıqlar prosesinin formatının dəyişməzliyini təsdiqləyir."
 
Maraqlıdır ki, 3-cü maddədə tərəflərin Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə danışıqlara başlayacağı vurğulandığı halda, bunu ayrıca maddə şəklində bir daha qeyd etməyə ehtiyac duyulub. Aydındır ki, Rusiyanın təklifi, israrı ilə... Bu, həm Türkiyənin həll prosesinə qoşulacağına dair söhbətlərə cavabdır, həm də Türkiyənin özünə mesajdır".
 
 
Keçmiş DTX zabiti, ehtiyatda olan polkovnik İlham İsmayıl:
 
"Dağlıq Qarabağın müstəqilliyinə razılıq verildi. Baza prinsipləri bunlardır:
 
– Dağlıq Qarabağ ətrafındakı ərazilərin Azərbaycana qaytarılması;
– Dağlıq Qarabağa onun təhlükəsizliyini və özünüidarəetməsini təmin edəcək müvəqqəti statusun verilməsi;
– Ermənistan və Dağlıq Qarabağ arasında dəhlizin yaradılması;
– Dağlıq Qarabağın yekun statusunun hüquqi öhdəlik yaradan öz iradəsini ifadəetmə yolu ilə müəyyənləşdirilməsi;
– Bütün məcburi köçkün və qaçqınların öz əvvəlki yaşayış yerlərinə qaytarılması;
– Sülhməramlı əməliyyat da daxil olmaqla, beynəlxalq təhlükəsizlik təminatları.
 
Buradakı 4-cü bənd Dağlıq Qarabağda referendum keçirilməsini və yekun statusunu ermənilərin müəyyənləşdirəcəyinə Azərbaycan razılıq verdi. Bu, Azərbaycan dövlətinin ərazisində ikinci erməni dövlətinin yaranmasına razılıq verilməsidi".
 
 
İctimai Tədqiqatlar Mərkəzinin sədri İlqar Altay: 
 
"Moskvada 8 saatlıq Azərbaycan və Ermənistan Xarici Ìşlər nazirlərinin gõrüşünün yekun nəticə razılaşma protokolu. Təxminən, bizim prezidentin bu günkü çıxışının tələblərinə uyğundu. Ancaq bu gõrüş yalnız məsləhət formatlıdır, bu səbəblər də elə bir həlledici xarakter daşımır, bu müharibənin gedişində təsir edə biləcək.
 
1. Qərara gəlinməyib ki, atəşkəs olsun və hərbi əməliyyatlar dayandırılsın, yəni hücuma davam.
 
2. Sabah oktyabrın 10-u saat 12.00-dan qısa bir müddət üçün humanitar yəni, əsir və meyitlərin dəyişdirilməsi üçün əməliyyatlara ara verilir, tez Beynəlxalq Qırmızı Xaç Komitəsi bu dəyişdirməni aparsın".
 
 
Politoloq Ərəstun Oruclu: 
 
"Son ana qədər ölkənin maraqlarının prioritet olduğunu önə çəkərək, bütün məsələləri kənara qoyub hamılıqla dəstək nümayiş etdirdik. Hamımız çalışdıq ki, Azərbaycan bu həlledici döyüşdən qalıb çıxsın. İndi İlham Əliyev xalqın qarşısına çıxaraq ya Lavrovun elan etdiyi anlaşmanın yalan olduğunu deməlidir, ya da ondan imtina etməli. Çünki bəyan olunmuş anlaşma Azərbaycan üçün məğlubiyyət deməkdir. Yastı, ikibaşlı, sürüşkən ifadələrlə də insanlarda çaşqınlıq yaratmaq lazım deyil, Moskvada əldə olunmuş anlaşma Azərbaycan üçün məğlubiyyətdir!"
 
 
Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev:
 
"Belə bir deyim var ki, türklə iş görmək istəyirsənsə onunla hansısa müqavilə bağlamağa ehtiyac yoxdur, söz verdisə yetər. Yunanla iş görmək istəyirsənsə mütləq onunla müqavilə bağla. Ermənilərlə isə nə müqavilə bağlayırsan bağla, o qədər hiyləgər, məkirli millətdir ki, yüz bəhanə gətirib öz xeyiri üçün o müqaviləni yerinə yetirməyəcək. Bilə-bilə ki, atəşkəs fayda verməyəcək, biz ermənilərin, rusların tuzağına niyə düşməliyik? Hər şeyin bizim xeyirimizə getdiyi, əlimizə tarixi şansın düşdüyü bir vaxtda bizim vəzifəmiz Xankəndini, Şuşanı, Kəlbəcəri, Laçını, Qubadlını, Zəngilanı, Ağdamı, Füzulini, Ağdərəni və s. işğaldan azad edib şərtləri diqtə etməkdir. Sular hələ tam durulmayıb. Hər halda səbirli olaq. Müharibəyə davam!"
 
Dominant.az