logo

DTX: Hərbi vəziyyət dövründə mülki PUA-ların istifadəsi qadağandır

17:11 09-10-2020 | icon 1666
DTX: Hərbi vəziyyət dövründə mülki PUA-ların istifadəsi qadağandır

Cəbhə xəttində intensiv döyüş əməliyyatlarının aparıldığı indiki vaxtda respublika ərazisində mülki pilotsuz uçan aparatların (PUA) müxtəlif məqsədlərlə havaya qaldırılması əhali arasında narahatlıq yaratmaqla aidiyyəti dövlət strukturlarının fəaliyyətinə maneə törədir.

 YeniAvropa xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) ictimai əlaqələr şöbəsinin yaydığı məlumatda bildirilib.

“Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununa və “Hərbi vəziyyətin elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 sentyabr tarixli Fərmanına uyğun olaraq, Azərbaycan Respublikasında mülkiyyət formasından asılı olmayaraq bütün mülki pilotsuz uçan aparatların hərbi vəziyyət dövründə istifadəsinin qadağan edildiyi bir daha diqqətə çatdırılır.

Bununla əlaqədar ölkə səmasında bu növ pilotsuz uçan aparatları müşahidə edən şəxslərdən Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə (012) 405-99-99 və Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinə (012) 497-16-73 nömrəli telefonlar vasitəsilə məlumat vermələri xahiş olunur.