logo

ETSN ermənilərin törədilən ekoloji terrorla bağlı beynəlxalq təşkilatlara müraciət edib

10:52 08-10-2020 | icon 2051
ETSN ermənilərin törədilən ekoloji terrorla bağlı beynəlxalq təşkilatlara müraciət edib

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ermənistanın Azərbaycana qarşı son günlərdəki hərbi təxribatları və 30 ildən çox davam edən təcavüzü nəticəsində ölkəmizin təbiətinə və regionun ətraf mühitinə vurduğu ziyan barədə beynəlxalq təşkilatlara müraciət ünvanlayıb.

Nazirliyin mətbuat xidmətindən YeniAvropa-ya  verilən məlumata görə, BMT-nin Ətraf Mühit Proqramı (UNEP), BMT-nin Avropa İqtisadi Komissiyası (UNECE), BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO), BMT-nin İnkişaf Proqramı (UNDP), BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), BMT-nin Sənaye İnkişafı Təşkilatı (UNIDO), Beynəlxalq Atom Enerjisi Agentliyi (IAEA), İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD), Beynəlxalq Təbiəti Mühafizə İttifaqı (IUCN), Ümumdünya Meteorologiya Təşkilatı (WMO), Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi (JICA), Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA), BMT-nin “İqlim dəyişmələri üzrə Çərçivə Konvensiyası” (UNFCCC), BMT-nin “Səhralaşma ilə mübarizə haqqında” Konvensiyasına (UNCCD) ünvanlanan müraciətdə Azərbaycan ərazilərinin uzun müddətdir ki, Ermənistan tərəfindən işğal edildiyi, ərazilərimizin ekoloji terrora məruz qaldığı, bir milyon insanın qaçqın və məcburi köçkünə çevrildiyi bildirilib.

Müraciətdə təcavüzkar Ermənistanın hərbi birləşmələrinin son günlər Azərbaycanın iri şəhər və kəndlərini, yaşayış məntəqələrini, mülki obyektləri məqsədyönlü şəkildə ağır artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində dinc əhali arasında həlak olanlar və yaralananların olduğu bildirilib. BMT-nin Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının işğal edilmiş ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnaməsinin hələ də icra olunmadığı, əksinə, işğal olunmuş ərazilərdə cinayətkar və qondarma rejim yaradaraq qanunsuz fəaliyyət göstərdiyi qeyd olunub. Təəssüflə bildirilib ki, uzun illərdir işğalçı Ermənistan təkcə xalqımıza qarşı deyil, eyni zamanda, təbiətimizə və təbii sərvətlərimizə qarşı da terror həyata keçirir.

İşğal olunmuş ərazilərdə təbii sərvətlərin talan olunması, ərazilərin yandırılması, su ehtiyatlarının çirkləndirilməsi, flora və faunanın məhvi erməni işğalçıları tərəfindən bu gün də davam etdirilir və regionun ekoloji durumuna böyük zərər vurulur.

İşğal altında olan ərazilərdə yerləşən su anbarlarından cəbhəboyu bölgələrdə yaşayan əhalinin istifadə etməsinə imkan verilmir və su anbarları vasitəsilə həyata keçirilən ekoloji terror yaxınlıqda məskunlaşan əhali üçün ciddi təhlükə yaradır. Belə ki, suya tələbatın daha çox olduğu əkin-biçin mövsümündə su anbarlarının qarşısı kəsilərək sudan istifadədə maneələr yaradılır, əksinə suya ehtiyac olmayan yağışlı günlərdə isə anbarlardan böyük həcmdə suyun buraxılması ətraf rayonların təsərrüfatlarına ciddi ziyan vurur.

İşğal olunmuş ərazilərin təbiətinin, endemik bitki və heyvan növlərinin, təbii ehtiyatların məqsədli və sistemli şəkildə məhv edilməsi bu gün bir daha bütün dünyanın, beynəlxalq ekoloji təşkilatların diqqətində olmalı, Ermənistan tərəfindən törədilən bu ağır ekoloji cinayətlərə nəhayət ki, son qoyulmalı, müvafiq beynəlxalq instansiyalar səviyyəsində hüquqi qiymət verilməlidir.

Həmçinin qeyd olunub ki, Azərbaycan regionda beynəlxalq ekoloji konvensiyaları ən çox ratifikasiya edən ölkə olaraq Ermənistanın təcavüzü nəticəsində bu çoxtərəfli razılaşmalardan irəli gələn öhdəliklərin yerinə yetirilməsində ciddi maneələrlə üzləşir.

Müraciətdə ətraf mühit məsələləri üzrə beynəlxalq təşkilatlar, beynəlxalq ictimaiyyət uzun müddət davam edən təcavüz nəticəsində yaranmış vəziyyəti nəzərə alaraq, ədalət, sülh və əmin-amanlığın bərpa olunması naminə əməli iş görməyə, işğalçı tərəfə təzyiq göstərməyə, Ermənistanın ölkəmizə qarşı törətdiyi təcavüz aktlarını qınamağa və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq Azərbaycanın haqlı mövqeyini dəstəkləməyə çağırılıb.

Müraciətin sonunda ətraf mühit məsələləri üzrə Azərbaycanla əməkdaşlıq edən beynəlxalq təşkilatların bu məsələyə biganə qalmayacaqlarına, beynəlxalq hüquq pozuntularına, ekoloji terrora qarşı öz səlahiyyətləri çərçivəsində müvafiq tədbirlər görəcəklərinə əminlik ifadə olunub.