logo

Kamal Kılıçdaroğlu:83 milyonluq xalq olaraq ürəyimiz Azərbaycanladır

18:48 06-10-2020 | icon 1757
Kamal Kılıçdaroğlu:83 milyonluq xalq olaraq ürəyimiz Azərbaycanladır

Azərbaycan torpaqları beynəlxalq hüquqa zidd olaraq işğal edilib. Otuz ildir gözlənilir ki, işğal nə zaman başa çatacaq. Ermənistan rəhbərliyi heç dillənmir və deyir ki, biz işğal etdiyimiz torpaqlardan çıxmayacağıq. Azərbaycan rəhbərliyi də deyir ki, artıq bizim işğala səbrimiz qalmadı. İndi də bir qarşıdurma var. Beləliklə, məlum münaqişədə 83 milyonluq xalq olaraq ürəyimiz Azərbaycanladır. Onları sevirik və haqsızlığa qarşıyıq.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki,bu fikirləri Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu rəhbərlik etdiyi partiyanın Türkiyə Böyük Millət Məclisində təmsil olunan deputatlarının qrup toplantısındakı çıxışında səsləndirib.

Beynəlxalq hüquqa görə Azərbaycanın haqlı olduğunu və buna görə də qardaş ölkənin yanında dayandıqlarını diqqətə çatdıran K.Kılıçdaroğlu deyib: “Azərbaycan sürətlə inkişaf edən ölkədir. Dostluğumuz, dostlarımız var. Türkiyədə yaşayan çox sayda Azərbaycan əsilli vətəndaşlarımız var. Birliyi və bütövlüyü qoruyaraq işğalın sona çatmasını arzu edir, bu hadisələrin bitməsini istəyirik”.

Prezident İlham Əliyevin bu məsələdə mövqeyinin açıq, konkret və qəbuledilən olduğunu deyən partiya sədri dövlətimizin başçısının fikirlərindən sitat gətirərək bildirib: “Hörmətli İlham Əliyev deyib ki, işğal etdiyiniz torpaqlarımızdan çəkilin, üzr istəyin və bununla da problem bitmiş olsun. Bizim erməni xalqı ilə yox, Ermənistan rəhbərliyi ilə problemimiz var. Beləliklə, problem bütünlüklə Ermənistan rəhbərliyindən qaynaqlanır”.