Oktyabrın 6-da Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib.
YeniAvropa xəbər verir ki,iclası açan Milli Məclisin sədri Sahibə Qafarova bu gün hər birimizin ürəyinin qürurla dolub-daşdığını bildirib. Qurtuluş savaşı aparan Ordumuz yeni-yeni ərazilərimizi düşməndən təmizləyərək zəfər yürüşünü davam etdirdiyini vurğulayıb.
Bu gün döyüş meydanında xalqımızın taleyi və müqəddəratı ilə bağlı məsələnin həll olunduğunu bildirən sədr deyib: “Mən əminəm ki, qarşıda bizi yeni böyük uğurlar gözləyir.
İclasın gündəliyi təsdiq edildikdən sonra deputatlar cari məsələlər barədə fikirlərini bildiriblər.
Sonra Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, Tərtər rayonunun Madagiz kəndi erməni işğalından azad edilən kimi prezident İlham Əliyev onun tarixi adını geri qaytararaq həmin kəndi Suqovuşan adlandırıb. Bu gün Milli Məclis həmin məsələni qanuniləşdirəcək. Qanun layihəsi bir oxunuşda təsdiqlənəcək.
Qanun layihəsi səsə qoyularaq təsdiqlənib.
Sonra Milli Məclisin Sədri Sahibə Qafarova qeyd edib ki, gündəliyin növbəti 14 məsələsi parlamentin oktyabrın 2-də keçirilən iclasında ikinci oxunuşda müzakirədən keçmiş qanun layihələridir. Bu gün həmin qanun layihələri üçüncü oxunuşda müzakirəyə təqdim edilib: "Bildiyiniz kimi, üçüncü oxunuşda qanun layihəsinin mətninə dəyişiklik edilmir".
Sonra qanun layihələri üçüncü oxunuşda səsə qoyularaq qəbul edilib.