logo

ABŞ Qarabağda gərginliyin artmasından ciddi narahatdır

23:14 05-10-2020 | icon 1687
ABŞ Qarabağda gərginliyin artmasından ciddi narahatdır

Oktyabrın 5-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və ABŞ Dövlət Katibinin müavini Stiven Biqan arasında telefon danışığı olub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən YeniAvropa-ya bildirilib ki, nazir Ceyhun Bayramov həmkarına bölgədəki son gərginlik barədə məlumat verib. ABŞ dövlət katibinin müavininin diqqətinə çatdırılıb ki, Ermənistan beynəlxalq humanitar hüququ açıq şəkildə pozaraq Azərbaycanın mülki əhalisi və mülki obyektlərini, o cümlədən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəni, sənaye şəhəri olan Mingəçeviri, habelə təmas xəttindən çox uzaqda yerləşən Xızı və Abşeron rayonlarını qəsdən raket atəşinə tutur. Nazir Ceyhun Bayramov həmsöhbətinə Ermənistanın yaşayış məskənlərini atəşə tutması nəticəsində ciddi itkilər verdiyini bildirib. Qeyd edib ki, Ermənistanın bu hərbi təxribatı vəziyyətin qəsdən pisləşməsinə yönəlib və Ermənistanın hərbi əməliyyatlar zonasını böyütmək niyyətini nümayiş etdirir.

Dövlət katibinin müavini Stiven Biqan bölgədəki gərginliyin artması və hərbi əməliyyatların genişlənməsindən ciddi narahatlığını dilə gətirib. ATƏT-in Minsk qrupu həmsədrlərinin səyləri ilə dialoqun vacibliyini vurğulayıb.

Nazir Ceyhun Bayramov diqqətə çatdırıb ki, Ermənistan beynəlxalq hüquq normaları və prinsiplərinə, o cümlədən beynəlxalq humanitar hüquq üzrə öhdəliklərinə əməl etməli və Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qətnamələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasına dair tələblərini yerinə yetirməlidir.