logo

Sergey Lavrov Ceyhun Bayramova zəng etdi

22:10 05-10-2020 | icon 1771
Sergey Lavrov Ceyhun Bayramova zəng etdi

Oktyabrın 5-də qarşı tərəfin təşəbbüsü əsasında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun telefon danışığı baş tutub.

YeniAvropa xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumatda deyilir. Qeyd edilib ki, telefon söhbəti zamanı Rusiyanın xarici işlər naziri Sergey Lavrov bölgədəki artan gərginliyin narahatlıq doğurduğunu bildirib. Gərginliyin aradan qaldırılması və tərəflərin siyasi dialoqa qayıtmasının vacibliyi vurğulanıb.

Nazir Ceyhun Bayramov, öz növbəsində, Ermənistanın məqsədyönlü şəkildə Azərbaycanlı mülki əhalini və infrastrukturu atəşə tutması, ölkəmizin ikinci böyük şəhəri olan Gəncəni, sənaye şəhəri Mingəçeviri, habelə cəbhə bölgəsindən uzaqda yerləşən digər şəhərlərdəki sıx məskunlaşma qəsəbələrinin hədəfə alınması barədə rusiyalı həmkarına məlumat verib. Mülki insanlar arasında itkilərin olduğu vurğulanıb. Ermənistanın bu əməllərinin beynəlxalq humanitar hüququn ciddi pozulması halı olduğunu qeyd edən nazir Ceyhun Bayramov yaranmış vəziyyətə görə tam məsuliyyətin Ermənistanın üzərinə düşdüyünü bildirib.