logo

Azərbaycan və Fransa XİN başçıları bölgədəki vəziyyəti müzakirə ediblər

21:48 05-10-2020 | icon 1596
Azərbaycan və Fransa XİN başçıları bölgədəki vəziyyəti müzakirə ediblər

Oktyabrın 5-də qarşı tərəfin təşəbbüsü ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Fransanın xarici işlər naziri Jan İv Lö Drian arasında telefon danışığı olub.

YeniAvropa xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib. Qeyd edilib ki,  telefon danışığı zamanı tərəflər arasında bölgədəki mövcud vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb.

Fransanın xarici işlər naziri bölgədə baş verən gərginliyin alovlanmasının ciddi narahatlıq doğurduğunu qeyd edib. O, Minsk qrupunun həmsədr ölkələri vasitəsilə məsləhətləşmələrin davam etdirilməsinin zəruriliyini vurğulayıb.

Nazir Ceyhun Bayramov bölgədə artan gərginlik, xüsusən də Ermənistanın azərbaycanlı mülki şəxslərini və obyektlərini qəsdən atəşə tutması barədə qarşı tərəfə məlumat verib. Nazir təmas xəttindən uzaqda yerləşən Azərbaycan şəhərlərini, o cümlədən Ermənistan ərazisindən Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncənin, sənaye şəhəri Mingəçevirin, eləcə də Xızı və Abşeron rayonlarının hədəfə çevrilməsinin mülki əhali arasında itki və infrastrukturun məhv olması ilə nəticələndiyini vurğulayıb. Fransalı həmsöhbətinə bu günə qədər Ermənistanın açdığı atəş nəticəsində 25 azərbaycanlı mülki şəxsin həlak olduğu və 127 nəfərin yaralandığı barədə məlumat verilib.

Fransanın xarici işlər naziri mülki əhalinin hədəfə alınması və hərbi əməliyyatların coğrafiyasının genişləndirilməsinin yolverilməz olduğunu vurğulayıb.

Nazir Ceyhun Bayramov BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, Ermənistanın bütün silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması bölgədə sülhün təmin edilməsi üçün mühüm şərt olduğunu qeyd edib.