logo

Milli Məclis Qüdrət Həsənquliyevi məsuliyyətə cəlb edəcək?

17:29 23-09-2020 | icon 1890
Milli Məclis Qüdrət Həsənquliyevi məsuliyyətə cəlb edəcək?

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədrinin müavini Qüdrət Həsənquliyev ehtiyac yaranarsa, parlamentdaxili məsuliyyətə cəlb oluna bilər.

YeniAvropa xəbər verir ki, bu barədə Milli Məclisin İntizam komissiyasının katibi Nurlan Həsənov deyib.

Onun sözlərinə görə, İntizam komissiyasının üzvləri öz aralarında Qüdrət Həsənquliyevlə bağlı müzakirə apardıqdan sonra məsələyə baxıla bilər.

N.Həsənov onu da əlavə edib ki, Q.Həsənquliyev kifayət qədər peşəkar hüquqşünas və deputatdır.

Qeyd edək ki, Q.Həsənquliyev açıqlamasında əsgərlərimizin Ermənistanın baş naziri Nikol Paşinyanın arvadını əsir götürəcəkləri günü səbirsizliklə gözlədiyini deyib.

Azərbaycan Müdafiə Nazirliyi isə Q.Həsənquliyevin bu fikirlərinə etiraz edib.

Nazirlik bəyan edib ki, bu cür fikirlərin səsləndirilməsi xalqımızın milli adət-ənənələri, xüsusiyyətləri və mənəvi dəyərlərinə, xüsusilə Azərbaycan əsgərinin döyüş əzmi və nizam-intizamına, ümumilikdə hərbi qanunlara ziddir.

Həmçinin, prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də müsahibəsində Q.Həsənquliyevi tənqid edib.

“Qüdrət Həsənquliyev dövlət məmuru olsaydı, Prezident tərəfindən cəzalandırılaraq vəzifəsindən azad edilərdi. Ümid edirik ki, hakimiyyətin qanunverici qanadı olan Milli Məclis tərəfindən qanunda təsbit olunmuş qaydada müvafiq tədbirlər görüləcək”, - deyə H.Hacıyev əlavə edib.