logo

Prezident İlham Əliyev BMT Baş Assambleyasında çıxış edəcək

16:28 16-09-2020 | icon 1953
Prezident İlham Əliyev BMT Baş Assambleyasında çıxış edəcək

Prezident İlham Əliyevin Birləşmiş Millətlər Təşkilatı(BMT) Baş Assambleyasının 75-ci sessiyasında ümumi müzakirələrdəki çıxışı sentyabrın 24-nə planlaşdırılıb.

 YeniAvropa xəbər verir ki, bu barədə BMT-nin mətbuat xidməti məlumat yayıb. Bildirlib ki, sentyabrın 15-dən Nyu Yorkda BMT Baş Assambleyasının 75-ci, yubiley sessiyası başlayıb. İllik ümumi müzakirələr isə sentyabrın 22-də start götürəcək.

Ənənəvi Yüksək Səviyyəli Həftənin formatı bu dəfə dəyişdirilib. Belə ki, ölkə liderləri, istisna hal kimi, bu il çıxışlarını video formatında göndərəcəklər. Konfrans zalından hər nümayəndə heyətindən bir nəfər iştirak edəcək.

Ənənəvi olaraq debatları Braziliya açacaq, ardından isə BMT qərargahının ərazisində  yerləşdiyi ölkə kimi ABŞ çıxış edəcək.

Dövlət başçılarının çıxışları konfrans iştirakçılarının siyahısı və prosedur qaydalarına uyğun olaraq, bir-birinin ardınca konfrans zalında yayımlanacaq. İlkin siyahıya əsasən, ümumi debatların ilk günündə - sentyabrın 22-də ABŞ, Çin, Fransa, Rusiya, İran və s. ölkələrin liderləri çıxış edəcəklər.

Azərbaycan Prezidentinin çıxışı isə sentyabrın 24-də yayımlanacaq.