logo

Ceyhun Bayramov İsveçin ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib

20:21 15-09-2020 | icon 1953
Ceyhun Bayramov İsveçin ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib

Sentyabrın 15-də Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov İsveçin ölkəmizdə yeni təyin olunmuş səfiri Kristian Kamillin etimadnaməsinin surətini qəbul edib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən YeniAvropa-ya bildirilib ki, görüşdə nazir Ceyhun Bayramov səfir Kristian Kamilli təyinatı münasibətilə təbrik edərək, İsveçin Azərbaycandakı diplomatik təmsilçiliyinin statusunu yüksəldərək ölkəmizdə ilk rezident səfirini təyin etməsinin iki ölkə arasında əlaqələrin inkişafına əhəmiyyətli töhfə verəcəyini diqqətə çatdırıb.

Kristian Kamill ölkəmizə səfir təyin olunmasından məmnunluğunu ifadə edib. O, İsveçin Azərbaycanda diplomatik təmsilçiliyini yüksəltməsinin ölkəmizə verilən əhəmiyyətin göstəricisi olduğunu vurğulayıb. Səfir diplomatik fəaliyyəti dövründə iki ölkə arasındakı əməkdaşlığın genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.

Görüşdə Azərbaycan ilə İsveç arasında mövcud olan ikitərəfli əməkdaşlıq münasibətləri, o cümlədən siyasi, iqtisadi, ticarət, mədəniyyət, turizm sahələrində əlaqələrin inkişafı, parlamentlərarası əməkdaşlığın genişləndirilməsi imkanları, eləcə də çoxtərəfli platformalarda fəal təmsilçilik və təmaslar barədə fikir mübadiləsi aparıldı. İsveç Krallığının 2021-ci ildə ATƏT-də fəaliyyətdə olan sədrliyi həyata keçirməsi ərəfəsində bu ölkənin Xarici İşlər nazirinin, həmçinin ikitərəfli məsələləri müzakirə etmək məqsədilə bölgəyə səfərinin həyata keçirilməsinin nəzərdən keçirildiyi qeyd olunub.

Nazir Ceyhun Bayramov İsveç səfirinə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun ağır nəticələri, Ermənistanın iki dövlətin sərhədində törətdiyi cari ilin iyulun 12-16-da hərbi təxribatı və bu ölkə rəhbərliyinin bölgədə gərginliyin artmasına xidmət edən addımları, son zamanlar geniş silahlanmanı həyata keçirən Ermənistanın təxribatçı fəaliyyətini davam etdirməsi, beynəlxalq ictimaiyyətin işğalçı ölkəyə qəti ismarışlarının verilməsinin zəruriliyi barədə ətraflı məlumat verib. Nazir İsveçin ATƏT-də fəaliyyətdə olan sədrliyi çərçivəsində ATƏT məkanında təhlükəsizliyə başlıca təhdid olan bu münaqişənin həlli məsələsinin gündəlikdə saxlanmasının vacibliyini ifadə edib.

Səfir Kristian Kamill İsveçin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və münaqişənin sülh yolu ilə həllində maraqlı olduğunu vurğulayıb.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.