logo

DİN Balakəndə baş verən insidentlə bağlı məlumat yaydı

13:12 15-09-2020 | icon 2086
DİN Balakəndə baş verən insidentlə bağlı məlumat yaydı

Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının karantin rejimi ilə əlaqədar keçirdikləri reyd zamanı Qabaqçöl qəsəbəsi ərazisində yerləşən mağazada tibbi maskadan istifadə etməyən obyekt sahibi və oğluna pandemiya şəraitinə uyğun olaraq, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadənin zəruriliyini diqqətə çatdırıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan YeniAvropa-ya  bildiriblər ki, bu zaman həmin şəxslər polis əməkdaşları tərəfindən tutulan iradlardan nəticə çıxarmayaraq, tabesizlik göstəriblər. Daha sonra iki nəfər qəsəbə sakini də polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayıb, onlara qarşı müqavimət göstərməyə cəhd ediblər. Bundan sonra bir qrup qəsəbə sakini həmin əraziyə toplaşıb. Polis şöbəsinin rəhbərliyi hadisə yerinə gələrək onlarla profilaktik söhbətlər aparıb və sakinlər evlərinə gediblər. Polisin qanuni tələbinə tabe olmayan 4 nəfər barəsində isə qanunamüvafiq tədbirlər görülüb.

Bu faktdan sui-istifadə edən bəzi düşmən qüvvələr tərəfindən maliyyələşən sosial şəbəkələrdə özünü dini icma sədri Afsələddin Axmedov kimi qələmə verən, əslində isə adı və soyadı Eyvaz Heydərov olan şəxs həmin hadisəni təhrif edərək, guya qəsəbə ərazisində milli azlıqların hüquqlarının tapdalanması, polislər tərəfindən onlara qarşı qanunsuz tələblərin irəli sürülməsi barədə əsassız və qərəzli fikirlər səsləndirib. Qəsəbə ağsaqqalları və ziyalıları isə “avarların sıxışdırılması” kimi uydurma fikirlər səsləndirən, qəsəbə sakinləri adından danışan və hazırda Azərbaycandan kənarda yaşayan həmin şəxsi ciddi şəkildə qınayıb və digərlərini onun belə təxribat xarakterli fikirlərinə inanmamağa çağırıblar.