logo

Jurnalistlər üçün onlayn formatda üçüncü təlim keçirilib

15:10 14-09-2020 | icon 287
Jurnalistlər üçün onlayn formatda üçüncü təlim keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) tərəfindən jurnalistlər üçün xarici təlimçilərin iştirakı ilə onlayn formatda üçüncü təlimlər keçirilib.

YeniAvropa xəbər verir ki, bu barədə KİVDF-dən bildirilib.  “Müasir jurnalistika: rəqəmsal texnologiyalarla birlikdə dəyişən yeni dövrün jurnalistikası” mövzusunda reallaşan onlayn təlim Türkiyənin tanınmış media təlimçisi –“TRT”, “Kanal D”, “Star TV” televiziya kanalları, habelə bir sıra digər qabaqcıl informasiya agentliklərində zəngin təcrübəyə malik jurnalist Bora Balar tərəfindən təqdim olunub.

Təlimdə müasir jurnalistikanın tələblərindən bəhs olunub, yeni dövrün jurnalistikasında rəqəmsal texnologiyalardan düzgün və yerində istifadə qaydaları barədə məlumat verilib. Həmçinin müasir jurnalistikada sosial şəbəkələrin funksiyaları, informasiyanın yayılmasının izlənilməsi, innovasiya texnologiyalarından sərbəst istifadə metodları nümayiş etdirilib. Daha sonra media nümayəndələrinin sualları cavablandırılıb.

Qeyd edək ki, KİVDF tərəfindən təşkil olunan təlimdə televiziya, radio, onlayn media, qəzet və jurnalları təmsil edən 25-dən çox jurnalist iştirak edib. Respublikanın regionlarında da fəaliyyət göstərən media nümayəndələrinin qatıldığı onlayn təlimlərə sabah yekun vurulacaq.