logo

İlham Əliyev Sumqayıtda Peşə Təhsil Mərkəzinin açılışını etdi

14:41 14-09-2020 | icon 1925
İlham Əliyev Sumqayıtda Peşə Təhsil Mərkəzinin açılışını etdi

“Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdində Peşə Təhsil Mərkəzinin açılışı olub. Prezident İlham Əliyev açılışda iştirak edib.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb. Prezident mərkəzdə yaradılan şəraitlə tanış olub.

İqtisadiyyat naziri Mikayıl Cabbarov və “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin direktoru Nazim Talıbov prezident İlham Əliyevə Təhsil Mərkəzi barədə məlumat veriblər.

Bildirilib ki, Peşə Təhsil Mərkəzinin binası 500 tələbənin təhsil alması üçün nəzərdə tutulub. Mərkəzin binası 6 korpusdan ibarətdir. Korpuslarda 23 tədris otağı, 13 laboratoriya, 154 nəfərlik akt zalı, 184 nəfərlik yeməkxana, kitabxana, kompüter otağı, idman zalı və 24 inzibati otaq var.

Hazırda Peşə Təhsil Mərkəzinə 2020/2021-ci tədris ili üzrə torna və frezer dəzgahlarının, proqramla idarə olunan dəzgahların operatorları, elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru, sənayedə quraşdırma işləri üzrə usta, veb-dizayner və proqram təminatçısı ixtisasları üzrə tələbə qəbulu həyata keçirilir.

Mərkəzin təhsil proqramı beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanıb. Tədris prosesinə Sumqayıt Kimya Sənaye Parkının rezidentlərinin mütəxəssisləri cəlb olunub. Tələbələrin ixtisas fənləri üzrə dərslərinin 80 faizi Sumqayıt Kimya Sənaye Parkının müəssisələrində keçiriləcək. Həmçinin praktiki dərslərin təşkili məqsədilə mərkəzdə təlim avadanlıqları stendləri quraşdırılıb.

Prezident mərkəzdə yaradılan şəraitlə tanış olub.