logo

“Azercell” beynəlxalq səviyyədə “İlin şirkəti” seçildi

13:33 14-09-2020 | icon 2471
“Azercell” beynəlxalq səviyyədə “İlin şirkəti” seçildi

Yeni brend kimliyi ilə ölkənin telekommunikasiya sektorunun lideri “Azercell Telekom” MMC Azərbaycanda qazandığı uğurları dünyaya daşıyaraq və ölkəmizi beynəlxalq arenada uğurla təmsil edərək nüfuzlu “STEVIE 2020” müsabiqəsində yüzlərlə şirkət arasında “İlin telekommunikasiya şirkəti” adını qazanıb.

YeniAvropa xəbər verir ki, şirkət bu nominasiya üzrə ən yüksək pillədə qərarlaşaraq qızıl mükafatı əldə edib. “Azercell”, eyni zamanda, “İlin ən innovativ şirkəti” və “Ən dəyərli korporativ məsuliyyətli şirkət” nominasiyaları üzrə bürünc mükafata da layiq görülüb.

“Azercell”in rəqəmsallaşma və innovativ texnologiyaların tətbiqi istiqamətində gördüyü işlər, korporativ sosial məsuliyyət sahəsində fəaliyyəti müstəqil beynəlxalq mütəxəssislərdən ibarət münsiflər heyəti tərəfindən yüksək dəyərləndirilib. Münsiflər “Azercell”in həm ölkədə, həm də Cənubi Qafqazda yeni nəsil texnologiyaları ilk tətbiq etməsi, ən son innovativ həlləri yerli bazara gətirməsi, eyni zamanda, yüksək sosial məsuliyyətli siyasət həyata keçirməsini xüsusi vurğulayaraq Azərbaycanın aparıcı operatorunu “regionun ən uğurlu şirkəti”, “dünya səviyyəli qurum”, “qalib brend” kimi xarakterizə ediblər.

Qeyd edək ki, müxtəlif illərdə “Google”, “Microsoft Corporation”, “Türk Telecom”, “Vodafon Türkiye”, “Etisalat”, “Dell Technologies”, “Mayersk Company”, “HP Inc.”, UNESCO ICHCAP, “IBM” və sair bu kimi nüfüzlu şirkətlər bu beynəlxalq müsabiqədə iştirak edib qalib seçilənlər sırasındadır.

"STEVIE” International Business Awards” biznesin bütün aspektlərini əhatə edən, müxtəlif sahələrdə çalışan şirkətlərin uğurunu qiymətləndirən və onları bütün dünyaya tanıdan bir mükafatdır. Bu il “STEVIE” mükafatı dekabrda Parisdə təşkil olunacaq mərasimdə qaliblərə təqdim ediləcək.

Daha ətraflı məlumat üçün “[email protected]” ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergiödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib. Hazırda 5 milyon abunəçi “Azercell”i seçir. Bazar payı 49 faiz; ölkə ərazisi üzrə əhatə dairəsi: 99,2 faiz (işğal altında olan ərazilər istisna olmaqla); ölkə əhalisi üzrə əhatə dairəsi: 99,8 faiz təşkil edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, “Azercell Ekspres” ofisləri, M2M, 4G , mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “ASAN imza” və sair. Mobil operator “Bakutel 2019” sərgisi çərçivəsində Azərbaycanda ilk dəfə pilot rejimdə 5G texnologiyasının sınaqlarını keçirib. “Azercell”in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-dək bölgəsini əhatə edir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, “Azercell”in 4G şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. “Azercell” ölkədə və MDB məkanında beynəlxalq “Investors In People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.