logo

AİHM Naxçıvan MTN-də ölüm işi üzrə 37 min avroluq təzminat qərarı çıxardı

23:34 10-09-2020 | icon 2184
AİHM Naxçıvan MTN-də ölüm işi üzrə 37 min avroluq təzminat qərarı çıxardı

Sentyabrın 10-da Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM)  2011-ci ildə Naxçıvan Muxtar Respublikasının keçmiş Milli Təhlükəsizlik Nazirliyində işgəncə ilə öldürüldüyü iddia edilən 31 yaşlı Turac Zeynalovun işi ilə bağlı qərarını elan edib.

YeniAvropa xəbər verir ki, bu barədə AİHM-in saytında məlumat yerləşdirilib. Məhkəmə işi üzrə şikayətçi qismində mərhumun atası Suriyyə Zeynalov çıxış edib. 

O, Konvensiyanın 2-ci maddəsinə (yaşamaq hüququ) uyğun olaraq, dövlətin onun oğlunun həyatını qoruya bilməməsindən, ölüm faktı ilə bağlı ətraflı araşdırma aparmamasından şikayət edib. Ərizəçi həmçinin, Konvensiyanın 3-cü maddəsinə (işgəncəyə məruz qalmamaq) əsaslanaraq, oğlunun Naxçıvan MTN-də işgəncəyə məruz qalmasından, olayın araşdırlmamasından şikayətçi olub.

AİHM ərizəçinin şikayətini təmin edib və mənəvi zərərə görə 35 min, xərc və məsrəflərə görə 2 min avro təzminat ödənilməsi haqqında qərar çıxarıb.

Xatırlayaq ki, Turac Zeynalov Naxçıvan aeroportunda işləyib. O, 2011-ci ildə İranın xeyrinə casusluq ittihamı ilə həbs edilib və  İstintaq Təcridxanasında vəfat edib. Hakimiyyətin versiyasına görə, ölümün səbəbi onkoloji xəstəlik  olub.

Amma ailə üzvləri cəsədin üzərində çoxsaylı işgəncə izləri görünən fotoşəklini yayımlayıb.

Zeynalovun valideynləri onun ölümünə işgəncələrin səbəb olduğunu hesab edərək, ölüm hallarının araşdırılmasını tələb ediblər. Amma araşdırma aparılmayıb. Bundan başqa, mərhumun ailə üzvləri təhdid və şantaja məruz qalıblar