logo

Avropa  Məhkəməsi jurnalist Rauf Mirqədirovun işi üzrə qərar verəcək

21:20 10-09-2020 | icon 2072
Avropa  Məhkəməsi jurnalist Rauf Mirqədirovun işi üzrə qərar verəcək

Sentyabrın 17-də Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycandan olan jurnalist Rauf Mirqədirovun Azərbaycan və Türkiyə hökumətlərinə qarşı şikayəti ilə bağlı qərarını elan edəcək. YeniAvropa xəbər verir ki, bu barədə Avropa Məhkəməsinin saytında yer alan məlumatda deyilir.

Məhkəmə şikayəti R.Mirqədirovun həbsi və dövlətə xəyanət ittihamı ilə azadlıqdan məhrum edilməsi ilə bağlıdır.

Qeyd edək ki, R.Mirqədirov Türkiyədə yaşayarkən 2014-cü ilin aprelində bu ölkənin hakimiyyəti onu jurnalist akkreditasiyasından və bu ölkədə yaşamaq icazəsindən məhrum edib, daha sonra Azərbaycana deportasiya edib. 
2015-ci ilin dekabrında Bakı Ağır Cinayətlər Məhkəməsi R. Mirqədirovu 6 il azadlıqdan məhrumetmə cəzasına məhkum edib. 2016-cı ilin martında Bakı Apellyasiya Məhkəməsi real cəza müddətini şərti cəza ilə əvəz edib.

İlkin həbsi zamanı ona vəkillərdən başqa heç kimlə telefonla danışmaq, görüşmək və yazışmaq icazəsi verilməyib.

Yerli məhkəmələr onun ilkin həbsi və məhdudiyyətlərlə bağlı apellyasiyalarını təmin etməyib.

2014-cü ilin iyulunda MTN və Baş Prokurorluğun yaydığı birgə bəyanatda heç bir məhkəmə qərarı olmadan R.Mirqədirovu erməni kəşfiyyatının casusu kimi təqdim ediblər.

Ərizəçi Azərbaycan hökuməti tərəfindən 5-ci (azadlıq və təhlükəsizlik hüququ), 6.2-ci (təqsirsizlik prezumpsiyası), 8-ci (şəxsi həyata və ailə həyatına hörmət hüququ), 10-cu (ifadə azadlığı hüququ) və 18-ci (hüquqların məhdudlaşdırılmasından istifadə hədləri) və Türkiyə hökuməti tərəfindən 5-ci və 10-cu maddələrdə nəzərdə tutulan hüquqlarının pozulmasını tanımağı xahiş edib.