logo

Məhkəmə XİN-in sabiq vəzifəli şəxsini ev dustaqlığına buraxmadı

19:49 10-09-2020 | icon 2093
Məhkəmə XİN-in sabiq vəzifəli şəxsini ev dustaqlığına buraxmadı

Sentyabrın 10-da  Səbail rayon Məhkəməsində Xarici İşlər Nazirliyinin (XİN) Konsulluq İdarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayev barəsində seçilən həbs qətimkan tədbirinin ev dustaqlığına dəyişdirilməsi üçün verdiyi vəsatətə baxılıb.

YeniAvropa xəbər verir ki, hakim İlkin Rüstəmlinin sədrlik etdiyi iclasda qərar elan olunub.

Qərara əsasən, təqsirləndirilən şəxsin vəkilinin vəsatəti təmin edilməyib.

Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) vəzifəli şəxslərinin öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı əməllərə yol vermələri ilə bağlı istintaq-əməliyyat tədbirləri həyata keçirilib.

Cinayət işi üzrə davam edən araşdırmalar zamanı XİN-in Konsulluq idarəsinin rəisi Faiq Bağırov tərəfindən Konsulluq məsələləri və sənədlərin təsdiqi şöbəsinin üçüncü katibi İlqar Əliyev, Konsulluq hüquq şöbəsinin müdiri Nurupaşa Abdullayev və tabeçiliyində işləmiş digər şəxslər vasitəsilə viza proseduru üzrə çoxsaylı xarici ölkə vətəndaşlarının adlarına Azərbaycan Respublikasına dəvət edən tərəfin vəsatətlərinin qısa müddətdə təsdiqi, habelə Azərbaycan Respublikası və xarici ölkə vətəndaşlarının təqdim etdikləri rəsmi sənədlərə şəhadətnamənin (apostilin) verilməsi, sənədlərin konsul leqallaşdırılmasının, eləcə də onun prosedurlarının tezləşdirilməsinin təmin edilməsi müqabilində əvvəlcədən müəyyən etdiyi konkret məbləğlərdə pul vəsaitlərinin müntəzəm surətdə rüşvət olaraq alınmasına əsaslı şübhələr müəyyən edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxslər barədə məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.