logo

Azərbaycan Türk Şurası ilə  Birgə İnvestisiya Fondu yaradacaq

12:45 10-09-2020 | icon 2744
Azərbaycan Türk Şurası ilə  Birgə İnvestisiya Fondu yaradacaq

İqtisadiyyat naziri Mikayıl Cabbarovun Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Baş katibi Bağdad Amreyevlə görüşü keçirilib.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki,M.Cabbarov Azərbaycanın TDƏŞ üzvü olan dövlətlərlə əməkdaşlığın yüksək səviyyədə olduğunu, ölkəmizin iqtisadi əlaqələrin inkişafına mühüm töhfə verdiyini qeyd edib. O, TDƏŞ Baş katibi B.Amreyevə bu il iyul ayının 14-də Ermənistanın Azərbaycana qarşı hərbi təxribatı ilə əlaqədar verdiyi bəyanata görə təşəkkürünü bildirib.

Nazir TDƏŞ çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanlarına dair fikirlərini bölüşüb, Türk Ticarət Evinin yaradılmasının üzv ölkələrin ixrac potensialının artırılması istiqamətində müsbət təşəbbüs olduğunu vurğulayıb.

Baş katib B.Amreyev üzv ölkələr arasında inteqrasiyanın daha da gücləndirilməsi, əlaqələrin inkişafı baxımından TDƏŞ-in önəmli platforma olduğunu qeyd edib, Azərbaycanın təşkilatda fəal iştirakını vurğulayıb.

Görüşdə TDƏŞ çərçivəsində əməkdaşlığın hazırkı vəziyyəti və genişləndirilməsi imkanları, “Turkic Vision – 2040” strateji konsepsiyasının hazırlanması, Birgə İnvestisiya Fondunun yaradılması, Ticarətin Asanlaşdırılması üzrə Strategiya Sənədi və qarşılıqlı maraq doğuran digər məsələlər barədə müzakirələr aparılıb.