logo

Əli Həsənov həbs ediləcək? - AÇIQLAMA

15:05 07-09-2020 | icon 2786
Əli Həsənov həbs ediləcək? - AÇIQLAMA

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) fəaliyyəti zamanı mənimsəmələr, o cümlədən jurnalistlər üçün binaların tikintisi zamanı yeyintilərlə bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində araşdırmalar davam edir. Cinayət Məcəlləsinin dörd maddəsi – 179.4 (xüsusilə külli miqdarda mənimsəmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 308-1 (dövlət büdcəsi vəsaitini təyinatı üzrə istifadə etməmə) və 308-2 (dövlət satınalmalarını qanunsuz keçirmə) maddələri ilə istintaq aparılır. Qanuna görə, “xüsusilə külli miqdar” anlayışı 500 min manatdan yuxarı məbləği ehtiva edir.

YeniAvropa xəbər verir ki, bu barədə prokurorluqdakı mənbə “Press Klub”a bildirib ki, bu cinayət işində milyonlarla vəsaitin yeyintisindən söhbət gedir. Cinayət məsuliyyətinə cəlb olunanlar arasında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun keçmiş rəhbəri Vüqar Səfərlinin qohumu da var. “Vüqar Səfərli binaların tikintisini ona həvalə edib. İstintaq zamanı məlum olub ki, real tender keçirilməyib”, – deyə mənbə söyləyib.

Bu cinayət işi ilə bağlı məlumatlarda Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin sabiq müdiri, prezidentin keçmiş köməkçisi Əli Həsənovun da adı hallanır. Məlumat yayılıb ki, istintaqda dindirilən şəxslərin bəziləri Əli Həsənovun əleyhinə ifadə verib. Bunun da əsasında o, bu iş üzrə istintaqa cəlb edilib. Lakin Ə.Həsənov hazırda Türkiyədə müalicədədir. Azərbaycanın hüquq-mühafizə orqanlarının onun durumu, təyyarəyə minməsinin mümkün olub-olmaması barədə Türkiyədəki xəstəxanaya sorğu göndərdiyi barədə məlumat yayılıb. Baş Prokurorluq bu məlumatı təkzib etməyib. Əli Həsənovun istintaqa cəlb olunub-olunmaması barədə suala prokurorluq ümumi şəkildə cavab verib: “Hazırda həmin cinayət işi üzrə qanunsuz halların tam, hərtərəfli yoxlanılmaqla, təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində intensiv və zəruri istintaq tədbirləri davam etdirilir”.

Adətən hüquq-mühafizə orqanları həqiqətə uyğun olmayan məlumatları birmənalı şəkildə təkzib edir. Bu cavabda isə təkzib yoxdur.

Prokurorluğun məlumatından əvvəl Əli Həsənov özü “Facebook” səhifəsində bu haqda açıqlama yayıb: “Mövcud cinayət işi ilə bağlı prokurorluq orqanlarının təqsirləndirilən şəxs kimi mənimlə maraqlanmaları və hansısa axtarış tədbirləri həyata keçirmələri haqda yayılan məlumatların heç bir əsası yoxdur. Mən hazırda Türkiyədə müalicədəyəm və yəqin ki, hər şey yaxşı keçsə, 10-15 günə Azərbaycana qayıdacağam”.

Bir gün əvvəl isə daha bir məlumat yayıldı ki, artıq Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları Əli Həsənovu gətirmək üçün Türkiyəyə ezam olunub.

Sentyabrın 5-də Əli Həsənov yenə də sosial media hesabından daha bir açıqlama yayaraq, özü haqda məlumatları təkzib edib. Prezidentin keçmiş köməkçisi təkcə KİVDF ilə bağlı cinayət işi üzrə istintaqa cəlb olunması haqda məlumatlara yox, həm də hökumətə yaxın mediada onun dövlət çevrilişi cəhdində ittiham edilməsinə də etirazını bildirib. “Yalnız vicdanı olan hər kəsdən hazırkı vəziyyətimdə bir xahişim var: imkan verin, özümə və ailəmə bəs edəcək dərdlərimlə baş-başa qalım!”, – Əli Həsənov belə yazıb. Media hüququ üzrə ekspert Ələsgər Məmmədli “Press Klub”a bu mövzunu şərh edərkən yada saldı ki, jurnalistlər üçün bina tikintisi məqsədilə vəsaiti prezident ayırıb, binaların açılışında iştirak edib. Xərclənən vəsait barədə də ümumi şəkildə məlumat verilib. Amma xərclərin detalları ictimaiyyətə açıqlanmayıb. Halbuki, bu məlumat açıq olmalıdır.

Hüquqşünasın sözlərinə görə, binanı tikən şirkətin hansı kriteriyalar əsasında seçilməsi, tenderdəki şərtlər və s. məlumatları, hətta heç bir sorğu göndərilməsə belə, Fond özü açıq şəkildə yaymalıydı:

“İnformasiya əldə etmək haqqında qanunvericiliyə görə, bunlar açıq məlumatlar sayılır. Tenderin şərtləri aydın olmalıdır. Bilinməlidir ki, qalib şirkətə hansı cəhətlərinə görə üstünlük verildi. Əslində, o binaların tikintisində yeyintilər barədə məlumatlar yeni deyil. Hələ birinci binadan sonra narazı qalanlar bu istiqamətdə araşdırma aparmışdı. Hələ o zaman məlum olmuşdu ki, binaları tikən şirkət sifarişçiyə (Fondun rəhbərinə) yaxındır”.

Ə.Məmmədli xatırlatdı ki, DTX-nın müxtəlif dövlət orqanlarında həyata keçirdiyi əməliyyatlar da bu qurumlarda tenderlər zamanı korrupsiya hallarını üzə çıxardı. Məlum oldu ki, bir çox hallarda dövlət orqanları tenderləri şəffaf keçirmir, özlərinə yaxın şirkətlər qalib elan edilir, yaxud da görüləsi iş üçün büdcədən ayrılmış vəsaitin bir hissəsi şirkətdən geri alınaraq mənimsənilir. Hüquqşünasın fikincə, hökumətdə yüksək səviyyədə təmsil olunanlar da bu hallardan xəbərdardır, amma göz yumurlar. Kimlərsə hədəfə çevriləndə onları cəzalandırmaq üçün bu faktlardan istifadə olunur: “KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun fəaliyyəti, jurnalist binalarının tikintisi ilə bağlı da eyni vəziyyətdir. Bu haqda məlumatlar illərdir səslənir. Görünür, indi ortaya çıxarmaq məqsədəuyğun bilinib”.

Prezidentin sabiq köməkçisi Ə.Həsənovun bu prosesdə məsuliyyətə cəlb olunmasına gəlincə, hüquqşünas bildirdi ki, Fondun fəaliyyətinə görə o, hüquqi məsuliyyət daşımır. Ə.Həsənov yalnız o halda məsuliyyətə cəlb edilə bilər ki, onun bu işlərlə bağlı qanunsuz göstərişləri, müdaxiləsi barədə konkret faktlar, ifadələr olsun:

“Biri var, hüquqi bağ, bir də var, siyasi bağ. KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun rəhbərliyini prezident təyin edir. Onun Prezident Administrasiyasının şöbə müdirinə tabeliyi yoxdur. Siyasi kurasiya hüquqi məsuliyyət yaratmır. Azərbaycanda idarəçilikdə qeyri-rəsmi kurasiya məsələsi var. Hətta regionların da kurasiyası var. Bu, hökumətin özünün daxilində olan məsələdir. Prezidentin təyin etdiyi bir şəxsin elə onun təyin etdiyi başqa birinə tabeliyi də mücərrəd olur. Əli Həsənov şöbə müdiri olub, amma onun nəzarət etdiyi şəxsi də prezident təyin edib. Belə olan halda, buradakı bağ sadəcə, siyasi koordinasiya bağıdır. Fonda ayrılan vəsaitlərin xərclənməsinə nəzarət hüquqi baxımdan onun rəhbərliyinə aid olub. Bu baxımdan, Əli Həsənovun istintaqa cəlb olunması o halda mümkündür ki, ifadələrdə konkret onun adı çəkilsin. Məsələn, deyilsin ki, “mənə hansısa qanunsuz göstərişlər verirdi, məcbur edirdi”. Konkret fakt və ya ifadələr olmalıdır”.

Son günlər siyasi mühacir Qurban Məmmədova ev, əmlak verilməsi, xaricdə Azərbaycan hakimiyyətinə qarşı söyüş kampaniyasının təşkili məsələsində də Əli Həsənovun adı hallanmağa başlayıb. Televiziyalarda bu barədə geniş reportajlar yayınlanır. Bu da öz növbəsində yuxarılarda Əli Həsənova olan hazırkı münasibəti anlamaq üçün yetərlidir.