logo

1 saylı Psixiatriya Xəstəxanasının şöbə müdirinə cinayət işi açılıb

12:55 07-09-2020 | icon 3199
1 saylı Psixiatriya Xəstəxanasının şöbə müdirinə cinayət işi açılıb

1 saylı Respublika Psixiatriya Xəstəxanasının 16-cı şöbəsinin müdiri Səriyyə Tanverdiyevanın xidməti vəzifələrinin icrası ilə əlaqədar qanunsuz hərəkətə görə vətəndaşdan rüşvət tələb etməsi barədə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş məlumat əsasında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

YeniAvropa xəbər verir ki, bu barədə Baş Prokurorluğunun və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətlərinin birgə məlumatında bildirilib. Qeyd edilib ki, keçirilmiş tədbirlər nəticəsində Səriyyə Tanverdiyevanın əlillik dərəcəsinin təyin edilməsinə əsas olan saxta epikrizin təqdim edilməsi müqabilində vətəndaşdan müvafiq olaraq iyunun 2-də və avqustun 5-də xəstəxananın inzibati binasında ümumilikdə 600 manat məbləğdə pul vəsaitini almasına əsaslı şübhələr müəyyənləşdirilib.

Bununla yanaşı, həyata keçirilmiş operativ tədbirlərin davamı olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 5 nömrəli Tibbi-sosial ekspert komissiyasının sədri Katib Məmmədovun həmin vətəndaşdan 2-ci qrup əlillik dərəcəsinin təyin edilməsi müqabilində avqustda 3000 manat məbləğdə pul vəsaitini rüşvət qismində istəyib, sentyabrın 2-də işlədiyi müəssisənin inzibati binasında həmin pulun 2300 manatlıq hissəsini rüşvət qismində almasına əsaslı şübhələr müəyyənləşdirilib.

Faktlara görə Baş İdarədə Cinayət Məcəlləsinin 311.2-ci (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə görə rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

İstintaq zamanı toplanmış ilkin sübutlara əsasən Katib Məmmədov şübhəli şəxs qismində tutulub. Sentyabrın 5-də o, Cinayət Məcəlləsinin 311.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri, habelə Səriyyə Tanverdiyeva isə Cinayət Məcəlləsinin 311.2-ci və 313-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə əhəmiyyət kəsb edən halların, cinayətlərin törədilməsində hər hansı formada iştirak etmiş digər şəxslərin müəyyənləşdirilməsi istiqamətində intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.