logo

Yollardakı polis postları ləğv edilir 

12:13 06-09-2020 | icon 1246
Yollardakı polis postları ləğv edilir 

Sentyabrın 8-dən etibarən ölkə ərazisində koronavirus infeksiyası ilə bağlı tətbiq edilmiş bəzi məhdudiyyətlər aradan qaldırılır.

YeniAvropa xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, yumşalmalar əsasən paytaxtdan rayonlara sərbəst gediş-gəlişin bərpası və restoranların daxilində müştərilərə xidmətin göstərilməsi ilə bağlıdır.

Bundan başqa, ictimai yerlərdə, o cümlədən küçə, bulvar, park və digər yerlərdə vətəndaşların yaxın qohumlar, yəni ata-ana, nənə-baba, uşaqlar və bacı-qardaşlar istisna olmaqla, 10 nəfərdən artıq qruplarda cəmləşmələri qadağan edilib. Əvvəlki qaydalarda isə bu 5 nəfərlə məhdudlaşırdı.

Bu arada, Baş Dövlət Yol Polisi İdarəsi Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna gediş-gəlişlə əlaqədar tətbiq olunmuş məhdudiyyətlərin sentyabrın 8-i saat 00:00-dan aradan qaldırılması ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.

İdarənin şöbə rəisi Kamran Əliyev bildirib ki, bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə belə bir xəbər yayılıb ki, ''bu gündən rayonlara gediş-gəliş açılıb''.

Şöbə rəisi insanların belə xəbərlərə inanmamalarını və hərəkət iştrakçılarından diqqətli olmalarını xahiş edib.

Qeyd edək ki, sentyabrın 8-dək qaydaları pozanlar inzibati qaydada məsuliyyətə cəlb ediləcəklər.Kamran Əliyev onu da bildirib ki, bu tarixdən sonra səyyar postlar ləğv ediləcək. Əgər vəziyyət dəyişərsə, yoluxma halları çox olarsa və Operativ Qərargahın qərarı əsasında həmin postlar yenidən bərpa edilə bilər.