logo

Türkiyədə daha 53 nəfər koronovirusun qurbanı olub

21:20 04-09-2020 | icon 3920
Türkiyədə daha 53 nəfər koronovirusun qurbanı olub

Türkiyə koronavirus (COVID-19) pandemiyasına qarşı sistemli tədbirlərin görülməsinə baxmayaraq, gündəlik yoluxma sayında yenidən sürətli artım davam edir. Təxminən bir ay əvvəl ölkə üzrə sutkalıq yoluxma sayı 800-900 nəfər arasında dəyişirdisə, hazırda bu rəqəm iki dəfəyə yaxın artıb. Ona görə də Daxili İşlər Nazirliyinin təlimatı ilə vilayətlər üzrə tətbiq olunan məhdudiyyətlərə müəyyən sərtləşdirici tədbirlər əlavə edilib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, səhiyyə naziri Fahrettin Koca infeksiya riskinin yüksək olduğu Diyarbəkir və ətraf vilayətlərə səfər edib.

Nazirliyin məlumatında daha sonra qeyd edilir ki,  sentyabrın 4-də Türkiyə üzrə 117 min 113 nəfər koronovirus testindən keçirilib. Onlardan 1612 nəfərdə virus aşkarlanıb. Sutka ərzində 1021 nəfər bu infeksiyadan sağalıb, 53 xəstə dünyasını dəyişib. Yoluxmada olduğu kimi, gündəlik ölüm halında da yüksəliş davam edir.

Ən son məlumata görə, Adıyamanda 50 ev infeksiya riskinə görə karantinə alınıb. Bursada isə toy mərasimində iştirak edən 24 nəfərə ümumilikdə 74 min türk lirəsi (təxminən 10 min ABŞ dolları) cərimə kəsilib. Ekspertlər hesab edirlər ki, infeksiyaya yoluxma tempindəki artım dinamikasını şənliklər yaradıb.