logo

Azərbaycanın xarici işlər naziri litvalı həmkarı ilə telefonla danışıb

20:59 17-07-2020 | icon 2016
Azərbaycanın xarici işlər naziri litvalı həmkarı ilə telefonla danışıb

İyulun 17-də xarici işlər naziri Ceyhun Bayramov ilə Litva xarici işlər naziri Linas Linkeviçius arasında telefon danışığı olub.

 YeniAvropa xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

Telefon danışığı zamanı nazir Linas Linkeviçius Azərbaycanın xarici işlər naziri təyin olması münasibətilə Ceyhun Bayramovu təbrik edib, ona gələcək fəaliyyətində müvəffəqiyyətlər arzu edib.

Nazirlər ikitərəfli əməkdaşlıq münasibətlərinin gündəliyində olan bir sıra məsələlər və onların inkişaf perspektivləri üzrə fikir mübadiləsi aparıblar.

Nazir Ceyhun Bayramov Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədində törətdiyi hərbi təxribat və bölgədə hələ də davam edən gərgin vəziyyət barədə litvalı həmkarını məlumatlandırıb. O, bölgədə yaşanan gərginliyin əsas səbəbinin Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxındır ki, davam edən təcavüz siyasəti və Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarının hərbi işğal altında saxlaması, eləcə də bu ərazilərdə yerli azərbaycanlılara qarşı etnik təmizləmənin həyata keçirilməsi olduğunu qarşı tərəfin diqqətinə çatdırıb. Bölgədə dayanıqlı sülh və təhlükəsizliyin təmin olunmasının yeganə yolunun işğalçı Ermənistan qüvvələrinin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən çıxarılması və bütün məcburi köçkünlərin öz evlərinə geri qayıtmasının təmin olunmasından ibarət olduğu vurğulanıb.