logo

Yol polisi:Karantini pozan  1146 hərəkət iştirakçısı cərimələnib

12:32 17-07-2020 | icon 1736
Yol polisi:Karantini pozan  1146 hərəkət iştirakçısı cərimələnib

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi iyulun 16-da xüsusi karantin rejiminin pozulmasına görə inzibati məsuliyyətə cəlb edilmiş hərəkət iştirakçılarının sayı və görülən tədbirlər barədə məlumatı açıqlayıb.

İdarədən YeniAvropa-ya bildiriblər ki, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Goranboy, Göygöl, Samux, Siyəzən və Şəki rayonları ərazisində tətbiq edilmiş sərtləşdirilmiş xüsusi karantin rejiminin pozulmasına görə iyulun 16-da saat 00:00-dan iyulun 17-si saat 00:00-dək olan müddət ərzində nəqliyyat vasitələri ilə hərəkətdə olan 1013 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci, sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə isə həmin Məcəllənin 211.2-ci maddəsi ilə 133 nəfər olmaqla ümumilikdə 1146 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Bu müddətdə Bakı-Quba yolunun 52-ci kilometrliyində yerləşən karantin keçid postundan 40-ı rayon, 65-i paytaxt istiqamətinə olmaqla 105, Bakı-Şamaxı-Yevlax yolunun 31-ci kilometrliyində yerləşən postdan 30-u rayon, 35-i paytaxt istiqamətinə olmaqla 65, Bakı-Qazax-Gürcüstan yolunun 65-ci kilometrliyində yerləşən keçid postundan 85-i rayon, 80-i paytaxt istiqamətinə olmaqla 165 avtomobil geri qaytarılıb. Ümumilikdə 335 nəqliyyat vasitəsilə müvafiq icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb.