logo

Braziliya prezidentinin ikinci "COVID-19" testi də pozitiv çıxdı

17:30 16-07-2020 | icon 6657
Braziliya prezidentinin ikinci "COVID-19" testi də pozitiv çıxdı

Braziliya prezidenti Jair Bolsonarunun təkrar koronavirus testinin nəticələrinə görə o, hələ də COVID-19 xəstəliyindən sağalmayıb.

YeniAvropa "BBC" teleradio kompaniyasına istinadla xəbər verir ki, bu barədə dövlət başçısı televiziya ilə çıxışında deyib.

İyulun 8-də uzun müddətdir ki, koronavirus təhlükəsinə skeptik yanaşan Jair Bolsonarunun COVID-19 testinin cavabı pozitiv nəticələnib. O, yüksək hərarətdən və əzələ ağrısından əziyyət çəkdiyini deyib. Lakin malyariya əleyhinə dərman qəbul etdikdən sonra vəziyyəti tez bir zamanda yaxşılaşıb. Jair Bolsonaru bu dərmanların COVID-19 əleyhinə effektivliyi barədə elmi sübutunun olmadığını və preparatların ona yalnız fərdi təsir göstərdiyini bildirib.

Qeyd edək ki, bundan öncə Braziliya prezidenti koronavirus təhdidini şişirdilmiş saydığını bildirib. Həkimlərin tövsiyəsinə baxmayaraq o, maskadan və əlcəkdən istifadə etməyib, kütləvi tədbirlərə qatılıb, eyni zamanda, izolyasiya rejiminin və müəssisələrin fəaliyyətinin dayandırılmasının əleyhinə çıxıb. Prezident pandemiya şəraitində tətbiq ediləcək strategiya barədə mübahisələrdən sonra aprelin ortalarında Səhiyyə Naziri Enrike Mandettanı istefaya göndərib.

Braziliya COVID-19 infeksiyasına yoluxma və ölüm hallarının sayına görə dünyada ABŞ-dan sonra ikinci yerdədir. Pandemiyanın statistikasını aparan Worldometer saytının son məlumatına əsasən, indiyə qədər ölkədə 1 milyon 972 mindən çox yoluxma və 75 min 568 ölüm faktı qeydə alınıb.