logo

İlham Əliyev:"Ermənistanın KTMT-yə müraciət etməsi onların acizliyini və qorxaqlığını göstərir"

11:15 16-07-2020 | icon 2079
İlham Əliyev:"Ermənistanın KTMT-yə müraciət etməsi onların acizliyini və qorxaqlığını göstərir"

Azərbaycan ictimaiyyətinin diqqətini bir məsələyə də çəkmək istərdim. Bu çirkin əməlləri törədəndən və Azərbaycan Ordusu tərəfindən layiqli cavab alandan sonra Ermənistan dərhal Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət etdi, dərhal onlardan yardım istədi, dərhal hay-haray qaldırdı ki, qoymayın bizi burada indi boğacaqlar, məhv edəcəklər. KTMT-nın buna nə dəxli var? Birincisi, Azərbaycan Ermənistanın dövlət sərhədini pozmayıb, təxribat törətməyib, Ermənistan ərazisinə keçməyib. Belə olan halda KTMT-nın bu işə nə dəxli ola bilər?

 YeniAvropa xəbər verir ki, bu fikirləri Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan ötən günkü iclasında prezident İlham Əliyev səsləndirib:“Bu addım onların acizliyini, qorxaqlığını göstərir. Onu göstərir ki, Azərbaycan qarşısında təkbaşına duruş gətirə bilməyəcəklər və onu bilirlər. Biz də bunu bilirik. KTMT-ya müraciət etmək onların qorxaqlığının növbəti təzahürüdür. Onlar öz qorxaqlığını, rəhbərliyin qorxaqlığını bir daha göstərdilər. Yaxşı, qələt eləmisən, təxribat törətmisən, cinayət törətmisən, - cavab ver buna”.

Prezident əlavə edib ki, ermənilər Aprel döyüşlərində olduğu kimi, bu dəfə də ölənlərin sayını gizlədirlər: "Azərbaycan ölən erməni hərbçilər haqqında məlumat verəndən sonra onlar bunu etiraf etdilər. Bu bir daha onların acizliyini, riyakar siyasətini göstərir".