logo

Məmmədyarov Çavuşoğlu ilə sərhəddəki vəziyyəti müzakirə edib

20:51 13-07-2020 | icon 2632
Məmmədyarov Çavuşoğlu ilə sərhəddəki vəziyyəti müzakirə edib

İyulun 13-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə telefon danışığı olub.

Bu barədə AZƏRTAC-a Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

Nazir Elmar Məmmədyarov həmkarına Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində hərbi təxribatının qarşısının alınması və hazırda bölgədə davam edən gərgin vəziyyət barədə məlumat verib. Bölgədəki artan gərginliyin bütün məsuliyyətinin Ermənistanın üzərində olduğunu qeyd edən nazir Elmar Məmmədyarov ümumiyyətlə məsələnin kökündə Ermənistanın təcavüzkar siyasəti və bu siyasətin nəticələrinin aradan qaldırılmamasının durduğunu vurğulayıb. O, Türkiyənin ədalətli mövqeyinə və Ermənistanın son təxribatını pisləyən bəyanatına görə təşəkkür ifadə edib.

Nazir Mövlud Çavuşoğlu Azərbaycanın mövqeyinin ədalətli olduğunu, beynəlxalq hüququn prinsiplərinə, o cümlədən BMT Nizamnaməsi, Helsinki Yekun Aktı, BMT TŞ-nin qətnamələrinə əsaslandığını qeyd edib və Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu bildirib.