logo

BTC əsas ixrac neft boru kəmərinin istismara verilməsindən 14 il ötür

11:58 13-07-2020 | icon 3332
BTC əsas ixrac neft boru kəmərinin istismara verilməsindən 14 il ötür

Bu gün Türkiyənin Ceyhan şəhərində XXI əsrin ən böyük enerji layihəsi olan Bakı-Tbilisi-Ceyhan(BTC) əsas ixrac heft boru kəmərinin təntənəli açılış mərasimindən 14 il ötür.  

YeniAvropa xəbər verir ki, 2006-cı il iyulun 13-də təşkil olunan tədbirin birinci hissəsi İstanbulda “Çırağan” sarayında keçirilib. Sonra mərasim iştirakçıları təyyarə ilə “İncirlik” hava limanına, oradan isə avtobuslarla Ceyhan terminalına gəliblər. Təntənəli mərasimdə Azərbaycan, Gürcüstan və Türkiyənin prezidentləri,eləcə də  layihədə iştirak edən tərəfdaş ölkələrin rəsmi nümayəndələri iştirak ediblər.  

Həmin tarixdən ötən 14 il ərzində- cari ilin birinci rübünün sonunadək BTC ilə nəql olunan xam neftin ümumi həcmi 455 milyon tonu (təxminən 3,41 milyard barrel) ötüb. Bütün bu həcmlər ümumilikdə 4457 tankerə yüklənərək Ceyhan terminalından təhlükəsiz şəkildə dünya bazarına yola salınıb.

Qeyd edək ki, BTC boru kəməri Azərbaycandan əsasən “Azəri-Çıraq-Günəşli” (AÇG) nefti və “Şahdəniz” kondensatı daşıyır. 2013-cü ilin oktyabr ayından etibarən BTC boru kəməri ilə yenidən müəyyən həcmlərdə Qazaxıstandan gələn Tengiz xam neftinin nəqlinə başlanılıb. Bundan əlavə, boru kəməri vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan və Rusiya nefti nəql olunur. 

Xatırladaq ki, “BTC Co.”nun səhmdarları belədir: BP 30,1 faiz, “AzBTC” 25 faiz, MOL 8,9 faiz (bu il aprelin 16-dan “Chevron” şirkətini əvəz edib), “Equinor” 8,71 faiz, “TPAO” 6,53 faiz, “Eni” 5 faiz, “Total” 5 faiz, “Itochu” 3,4 faiz, “Inpex” 2,5 faiz, “ExxonMobil” 2,5 faiz və “ONGC (BTC) Limited” 2,36 faiz.

Kəmərin uzunluğu 1768 kilometrdir. Respublikamızın 13 rayonundan - Qaradağ, Abşeron, Hacıqabul, Ağsu, Kürdəmir, Ucar, Ağdaş, Yevlax, Goranboy, Samux, Şəmkir, Tovuz və Ağstafadan keçən kəmərin Azərbaycan hissəsinin uzunluğu 443 kilometrdir. BTC Gürcüstanda 7 və Türkiyədə 9 bölgədən keçir. Kəmərin qalan 249 kilometr Gürcüstanın, 1076 kilometr isə Türkiyənin ərazisindən keçir.

Boru kəmərinin Azərbaycan və Gürcüstanda yerləşən hissələrinin operatoru “BTC Ko.”nun səhmdarları adından BP, Türkiyədə yerləşən hissəsinin operatoru isə “Botaş International Limited” şirkətləridir. 

Kəmərin istismar müddəti 40 ildir və hazırda orta ötürücülük qabiliyyəti göndəlik 1,2 milyon barreldir.