logo

Şəhid Xəyyam Daşdəmirov İsmayıllıda dəfn edildi

10:23 13-07-2020 | icon 3276
Şəhid Xəyyam Daşdəmirov İsmayıllıda dəfn edildi

Ötən gün Tovuz istiqamətində gedən döyüşdə şəhid olan Azərbaycan Ordusunun əsgəri Daşdəmirov Xəyyam Məhəmməd oğlu dəfn olunub.

YeniAvropa xəbər verir ki, 18 yaşlı şəhid doğulduğu İsmayıllı rayonunun Balik kəndində torpağa tapşırılıb. Dəfn mərasimində rayon İcra Hakimiyyətinin rəhbərliyi, hərbçilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Xatırladaq ki, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçuları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Sadıqov Vüqar Lətif oğlu və baş əsgər Məmmədov Elşad Dönməz oğlu şəhid olub.

Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində gərginlik iyulun 13-nə keçən gecə ərzində də davam edib.

Artilleriya, minaatan və tankların tətbiqi ilə gedən gecə döyüşlərində bölmələrimizin dəqiq atəşi ilə düşmənin dayaq məntəqəsi, artilleriya qurğuları, hərbi hissəsi ərazisində avtomobil texnikası və canlı qüvvəsi məhv edilib.

Döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçusu baş leytenant Mahmudov Rəşad Rəşid oğlu şəhid olub.

Hazırda əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır. Düşmənə qarşı cəza tədbirləri həyata keçirilir.

Düşmən tərəfi itkiləri barədə məlumatları gizlədir.