logo

Vaqif Əsədov: Paytaxtda mobil postların sayı artırılıb

14:11 10-07-2020 | icon 2282
Vaqif Əsədov: Paytaxtda mobil postların sayı artırılıb

Sərtləşdirilmiş xüsusi karantin rejimi ilə əlaqədar paytaxtın inzibati ərazisində nəqliyyat vasitələrinin hərəkətinə nəzarət məqsədilə qurulan stasionar postların ləğv edilməsi barədə bəzi KİV-lərdə məlumatların yayılması haqlı olaraq hərəkət iştirakçılarının çaşqınlığına və narazılığına səbəb olur.

YeniAvropa xəbər verir ki, bu fikri Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov səsləndirib. Onun sözlərinə görə, paytaxtda  postlar ləğv olunmayıb. Sadəcə olaraq postların ləğv edilərək başqa üsulla xidmət aparılması barədə nəqliyyat vasitələri sahiblərinə məlumat verilib. Təəssüf ki, belə məlumatlar başqa formada yayıldığı üçün narahatlığa səbəb olub. Buna görə bir daha bildiririk ki, stasionar postlardakı xidmət başqa xidmət növü ilə əvəzlənib. Məqsəd stasionar postların yerləşdiyi ərazilərdə süni sıxlığın və hərəkətlə bağlı icazələrin yoxlanılması zamanı yaranan ləngimələrin aradan qaldırılmasıdır. Hazırda Bakı şəhərinin inzibati ərazisinə düşən bütün küçə və prospektlər tam nəzarətə götürülməklə mobil postların yaradılması və bu postlarda xidmətin təşkili davam etdirilir. Bundan başqa, reydlər vasitəsilə də hərəkətə nəzarət edilir. Belə ki, dislokasiya üzrə təhkim edilmiş ərazidə xidmət aparan polis əməkdaşları vasitəsilə nəzarəti gücləndirilib, hərəkətdə olan nəqliyyat vasitələrinin və onlarda olan sərnişinlərin hərəkəti, icazə sənədləri yoxlanılır. Bu günə qədər bu sistem üzrə yol polisi əməkdaşlari xidmətlərini davam etdirirlər.

Bölmə rəisi təəssüf hissi ilə vurğulayıb ki, bəzi KİV-lərdə stasionar postların ləğv edilməsi ilə bağlı hələ də məlumatlar yayılır. Sanki karantin rejimi də ləğv edilir. Belə informasiyalar təbii ki, çaşqınlığa və narahatlığa səbəb olur. Vətəndaşların diqqətinə bir daha çatdırırıq ki, stasionar postlarda təşkil olunan xidmət başqa xidmət növü ilə əvəzlənib və hərəkətə bu üsulla nəzarət edilir. Paytaxtın inzibati ərazisində mobil postların sayı artırılıb. Dövlət yol polisi əməkdaşları bu postlar vasitəsilə sürücü və sərnişinlərin icazə sənədlərini yoxlayırlar. Evdən çıxmasına icazə verilməyən şəxslər postlarda inzibati məsuliyyətə cəlb oluna bilərlər.

Sürücüləri tibbi qaydalara əməl etməyə çağıran V.Əsədov deyib: “Buradan hərəkət iştirakçılarına çağırış edirik ki, ictimai nəqliyyatda, yəni, avtobuslarda və taksilərdə tibbi vasitələrdən istifadə edin, maska taxın. Taksilərdə şəffaf arakəsmələr olmalıdır ki, insanlar virusa yoluxmasınlar”.