logo

Yol polisi: 1482 hərəkət iştirakçısı cərimələnib

11:49 07-07-2020 | icon 2058
Yol polisi: 1482 hərəkət iştirakçısı cərimələnib

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi iyulun 6-da xüsusi karantin rejiminin pozulmasına görə inzibati məsuliyyətə cəlb edilmiş hərəkət iştirakçılarının sayı və görülən tədbirlər barədə məlumatı açıqlayıb.

İdarədən YeniAvropa-ya bildiriblər ki, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Bakı, Cəlilabad, Gəncə, Goranboy, Göygöl, Lənkəran, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları ərazisində tətbiq edilmiş sərtləşdirilmiş xüsusi karantin rejiminin pozulmasına görə iyulun 6-sı saat 00:00-dan iyulun 7-si saat 00:00-dək olan müddət ərzində nəqliyyat vasitələri ilə hərəkətdə olan 1332 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci, sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə 149 nəfər həmin Məcəllənin 211.2-ci, eyni əməllərin il ərzində təkrar törədilməsinə görə isə Məcəllənin 211.3-cü maddəsi ilə 1 nəfər olmaqla ümumilikdə 1482 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Bu müddətdə Bakı-Quba yolunun 52-ci kilometrliyində yerləşən karantin keçid postundan 40-ı rayon, 60-ı paytaxt istiqamətinə olmaqla 100, Bakı-Şamaxı-Yevlax yolunun 31-ci kilometrliyində yerləşən postdan 40-ı rayon, 45-i paytaxt istiqamətinə olmaqla 85, Bakı-Qazax-Gürcüstan yolunun 65-ci kilometrliyində yerləşən keçid postundan 70-i rayon, 50-i paytaxt istiqamətinə olmaqla 120 nəqliyyat vasitəsi geri qaytarılıb. Ümumilikdə 305 nəqliyyat vasitəsi ilə müvafiq icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb.