logo

SOCAR 34-cü yanacaqdoldurma məntəqəsini istifadəyə verib

12:11 01-07-2020 | icon 2842
SOCAR 34-cü yanacaqdoldurma məntəqəsini istifadəyə verib

Bakının Binəqədi rayonunun Binəqədi qəsəbəsinin şimal hissəsi, Binəqədi–Novxanı yolu istiqamətində, Gənclər şəhərciyi yaşayış kompleksinin yaxınlığında "SOCAR” brendi ilə yeni yanacaqdoldurma məntəqəsi (YDM) istifadəyə verilib.

“SOCAR Petroleum” QSC-dən YeniAvropa-ya  bildirilib ki, bununla da ümumilikdə respublikamızda “SOCAR” brendi ilə fəaliyyət göstərən YDM-lərin sayı 34-ə çatdırılıb.

Binəqədi yolu vasitəsilə Novxanı, Saray və digər yaxın ətraf qəsəbələrdə hərəkət edən avtonəqliyyat vasitəsi sahibləri üçün bu YDM daha əlverişlidir. Yeni istifadəyə verilmiş məntəqədə 7 yanacaqpaylayıcı kalonka quraşdırılıb ki, onlardan ikisi sıxılmış təbii qaz (CNG) satışını həyata keçirəcək. YDM-də STQ ilə yanaşı, “Super”, “Premium”, “A-92” markalı benzin və “Dizel” tipli yanacaq məhsullarının satışı reallaşdırılacaq. Bununla da 8 kiçik avtonəqliyyat vasitəsi və iki iritutumlu yük maşınının eyni anda yanacaqla təmin edilməsi üçün şərait yaradılıb.

Qeyd edək ki, “SOCAR Petroleum” QSC-nin 34 CNG şəbəkəsi və 11 neft terminal bazası fəaliyyət göstərir. Respublikada yeganə CNG terminalı və CNG şəbəkəsi olan QSC ekoloji baxımdan təmiz olan CNG yanacağının tətbiqində liderdir. “SOCAR” brendi ilə fəaliyyət göstərən YDM-lərdə hər bir müştəri üçün yanacağın həcm dəqiqliyini yoxlamaq imkanı və digər üstünlüklər vardır.