logo

Azərbaycanda sağlam şəxsə koronavirus xəstəsi olması barədə SMS gəldi

20:18 27-06-2020 | icon 2128
Azərbaycanda sağlam şəxsə koronavirus xəstəsi olması barədə SMS gəldi

Azərbaycanda koronavirusa yoluxma şübhəsi ilə test verməyən şəxsə evdə təcrid olunmasının mütləqliyi ilə bağlı SMS göndərilib.

 YeniAvropa xəbər verir ki, bu barədə Fəxri Ağayev adlı sosial şəbəkə istifadəçisi status paylaşıb. O, mobil telefonuna  Nazirlər Kabineti yanında Operativ Qərargahdan mesaj gəldiyini bildirib.

“Hörmətli vətəndaş, Siz, COVID-19 diaqnozu ilə karantin nəzarətindəsiniz. Yaşayış yerinizi tərk etdiyiniz halda cinayət məsuliyyətinə cəlb ediləcəksiniz! Tel : 184".

Fəxri Ağayev qeyd edib ki, koronavirusa görə heç vaxt analiz verməyib: "Buna heç ehtiyac da görməmişəm. Zəng etdim 184-ə və 2 dəqiqə ərzində həzin musiqi dinlədim. Təsəvvür edin belə bir mesaj alan insanın səbirsizliyini, gərginliyini, və 2 dəqiqə uvertura. Operativ olduqlarına görə 2 dəqiqə sonra cavab oldu. Cavan oğlana məsələni başa saldım. Qeydiyyatda olduğum rayonu soruşdu və oradakı poliklinikaya məni yönləndirdi.

Telefondakı xanım dinlədi və niyə belə bir halın və necə baş verdiyini soruşdu. Dedim ki, mən sizdən niyə belə olduğunu soruşmaq üçün zəng etmişəm. Dedi ki, adınız siyahıda yoxdur. Kim mesajı göndərib, ona deyin. Səhv olduğunu anladım. İndi təsəvvür edin ki, mən deyiləm, 65 yaşlı test verən insandır və həmin an infarkt olsa, insult keçirsə...”- deyə paylaşımda qeyd olunub.

TƏBİB-dən məsələ ilə bağlı münasibət öyrənmək mümkün olmayıb.