logo

Səfir oğlunun adı keçən sirli ölüm hadisəsindən 3 il ötür

13:55 26-06-2020 | icon 5117
Səfir oğlunun adı keçən sirli ölüm hadisəsindən 3 il ötür

3 il əvvəl, 26 iyun 2017-ci ildə Xəzər dənizinin Bilgəh qəsəbəsi ərazisində bu günə qədər sirri açılmayan ölüm hadisəsi baş verdi. Azərbaycanlı model, “Miss Lafarella” internet yarışmasının iştirakçısı Günel Rəşid qızı Mirzəyeva dənizdə boğuldu.

Bundan sonra sosial şəbəkələrdə, mətbuatda Günel Mirzəyevanın həyatla öz xoşu ilə vidalaşmadığına dəlalət edən məlumatlar yayıldı.

Ortaya çıxan məlumatlar çox ciddi mətləblərdən xəbər verirdi. Günel Mirzəyevanın öldürülməsi fərziyyəsinin yoxlanılmasının zəruriliyini ortaya qoyurdu. Həmin gün nə baş vermişdi?

 YeniAvropa xəbər verir ki,yayılan ilk rəsmi xəbərdə bir nəfərin yaxtadan suya düşərək öldüyü, meyitinin aşkar edilmədiyi deyilirdi. Ardınca bəlli oldu ki, yaxtada Günel Mirzəyevanın yanında daha 5 nəfər olub. Onlardan biri də hazırda Ukraynada səfir olan Elmira Axundovanın oğlu Həbib Axundovdur.

Xəbər ictimailəşəndən sonra Həbib Axundov ilk olaraq hadisə yerində olmadığını söyləməkdə israr etdi. Anası tələm-tələsik mətbuata açıqlama verib “oğlum orada olmayıb, olsaydı, üzgüçüdür, o qızı xilas edərdi” tipli açıqlama verdi.

Bu açıqlama ortada ikən Həbib Axundov hadisə yerində olduğunu, lakin sahildə dayandığını, yaxtada olmadığını açıqladı.

Ortaya çıxan faktlar isə Həbib Axundovun nəinki hadisə yerində olduğunu, faktiki olaraq Günel Mirzəyevanın həmin gün Bilgəhdə dənizdə, yaxtada olma səbəbinin məhz Həbib Axundov olduğunu üzə çıxarırdı. Məlum olurdu ki, Günel Mirzəyeva sirli ölümünə qədər ailəli olub.

Həbib Axundov Günel Mirzəyevaya “Jeep Wrangler” markalı maşın bağışlayıb. Günel Mirzəyeva uzun müddət Həbib Axundovun adına olan Nəsimi rayonu, Vəzirov küçəsi 50 ünvanında yerləşən 3 nömrəli mənzildə yaşayıb.

Həbib Axundovla isti münasibətləri yaranandan sonra isə həyat yoldaşından boşanmaq üçün Sabunçu rayon Məhkəməsinə ərizə verib.

Bilirsiniz, Günel Mirzəyevanı məhkəmədə nümayəndə olaraq kim təmsil edib.

Düzdür, Həbib Axundovun anası Elmira Axundovanı  məhkəmələrdə nümayəndə olaraq təmsil edən Rövşən Yusifovdur. Günel Mirzəyevanın bacısı Cəmilə Mirzəyevanın da boşanma işinə Elmira Axundovanın təmsilçisi çıxıb.

Daha bir məqam...

Fövqəladə Hallar Nazirliyi (FHN) xilasedicilərinin 3 günlük gərgin, davamlı axtarışlarından sonra Günel Mirzəyevanın meyiti sudan çıxarılaraq yaxınlarına təhvil verilib.

Həmin 3 gün ərzində Elmira Axundovanın sürücüsü Fərrux Adnayev Günel Mirzəyevanın yaşadığı ünvanın qarşısında keşik çəkib.

Elmira Axundovanın sürücüsü meyiti sudan çıxarılmayan Günel Mirzəyevanın evinin qarşısına kimin göstərişi ilə gəlmişdi? Onun sürücü olaraq ərazidə keçik çəkməsi kimə lazım idi?

Həmin günlərdə Axundovlar Günel Mirzəyevanın müəmmalı ölümünün mümkün qədər mətbautdan kənar saxlamaq üçün çabalar göstərirdilər. Lakin mümkün olmadı. 

Günel Mirzəyevanın ölümü ilə bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin ehtiyatsızlıqdan adam öldürmə (124.1) maddəsi ilə cinayət işi başlandı. Əslində isə faktlar iş üzrə daha ağır maddə ilə cinayət işinin başlanması üçün əsas verirdi.

Modelin dənizə kiminlə, kimin yaxtasında çıxması haqda rəsmi qurumlardan yalnız Fövqəladə Hallar Nazirliyi uyğun mövqe nümayiş etdirib məlumat açıqladı.

FHN-in jurnalist sorğusuna verdiyi cavab ümumilikdə Sabunçu Rayon Prokuroluğunun iş üzrə apardığı istintaqı şübhə altına qoyur. Sorğu üzrə FHN-ə ünvanlanan sualları və verilən cavabları təqdim edirik:

Sual: Günel Rəşid qızı Mirzəyeva 2017-ci il iyunun 26-da hansı markalı su nəqliyyatı vasitəsi ilə açıq ənizə çıxıb?

Cavab: - 26 iyun 2017-ci il tarixdə Mirzəyeva Günel Rəşid qızının ölümü ilə nəticələnən bədbəxt hadisə K-45 adlı ABB 1278 bort nömrəli Yamaha 242 Limited S tipli gəzinti katerin dənizdə olması zamanı baş vermişdir.

Sual:- Həmin su nəqliyyatı vasitəsi ölkəyə nə vaxt, kim tərəfindən gətirilib; kimlərin mülkiyyətində və istifadəsində olub?

Cavab:- Göstərilən gəmi 01 iyul 2016-cı il tarixdə keçirilmiş texniki baxışın nəticələrinə əsasən Axundov Həbib Ramiz oğlunun adına dövlət qeydiyyatına alınmışdır. 17 iyul 2017-ci il tarixdə notarial qaydada təsdiq olunmuş alqı-satqı müqaviləsinə əsasən gəmi H.Axundovun adından dövlət qeydiyyatından çıxarılmışdır.

Sual:- G.R.Mirzəyeva su nəqliyyatı vasitəsi ilə açıq dənizə çıxarkən həmin su nəqliyyatı vasitəsini kim idarə edib?

Cavab:- Bədbəxt hadisə baş verən zaman gəminin sahibi H.Axundov gəmidə olub.

Sual:- Həmin şəxsin su nəqliyyatı vasitəsini idarə etmək hüququ olubmu?

Cavab:- Gəmi sahibi H.Axundov imtahan verərək 04 iyul 2016-cı il tarixdə Xidmətdən katerləri idarə etmək hüququ verən sürücülük vəsiqəsi almışdır.

Sual:- Xəzərin Bilgəh qəsəbəsi hissəsində su nəqliyyatı vasitələrinin sahildən hansı məsafəyə qədər üzməsinə icazə verilir?

Cavab:- Bu tip katerlərin texniki xarakteristikalarına görə sahildən uzaqlaşma məsafəsi 3 dəniz mili olduğu halda, Xəzər dənizinin xüsusiyyətləri nəzərə alınaraq gəmiyə Xidmət tərəfindən sahildən 2 mil üzmə məsafəsi icazəsi verilmişdir.

Sual:- G.R.Mirzəyevanın ölümü ilə nəticələnən hadisə ilə bağlı rəhbərlik etdiyiniz nazirliyin müvafiq qurumunun səlahiyyət sahiblərinin məsuliyyəti müəyyən olunubmu?

Cavab:- Gəmi dövlət qeydiyyatina alınan zaman ona keçirilmiş texniki baxış nəticəsində “istismara yararlı” qiyməti verilmişdir. Sözügedən katerin 8 nəfər sərnişin götürmə qabiliyyəti var, 8 sayda xilasedici canlıq və 1 sayda dairə ilə təhciz olunub.

Bədbəxt hadisə baş verən zaman gəmi texniki cəhətdən saz vəziyyətdə olub. Bədbəxt hadisənin səbəblərinin və şəraitinin təhlili nəticəsində Xidmətin vəzifəli şəxslərinin məsuliyyəti müəyyən olunmamışdır.

Sual:- G.R.Mirzəyevanın ölümü ilə nəticələnən olayın baş verdiyi gün onun sərnişini olduğu su nəqliyyatı vasitəsində kimlər olub?

Cavab:- Mövcud qanunvericiliyə əsasən dövlət qeydiyyatına alınan kiçikhəcmli gəmi sahiblərinin və ya istifadəçilərinin Xidmət qarşısında dənizə çıxma vaxtı və sərnişinlər barədə məlumat vermək öhdəliyi yoxdur.

Sorğunun cavablarından aydın olur ki, Günel Mirzəyeva açıq dənizə məhz Həbib Axundovun yaxtasında çıxıb. Hadisə baş verərkən Həbib Axundov Günel Mirzəyevanın yanında olub.

Elmira Axundovanın dediklərinə inansaq, oğlu üzgüçüdür. Elmira Axundova əminliklə deyirdi ki, üzgüçü oğlu orada olacağı təqdirdə qızı xilas edərdi. Fakt ortaya çıxandan sonra Elmira Axundovanın bu xüsusda açıqlamasını eşidən olmadı.

Sabunçu rayon Prokurorluğu əvvəlcə iş üzrə uyğun olmayan maddə ilə cinayət işi başladı, sonra isə iş üzrə olduqca səthi istintaq aparmaqla işini bitirmiş hesab etdi.

  1.