logo

Səfər Mehdiyev və Əbülfəz Məlikovun adı yeni qalmaqalda - Sahibkardan açıq məktub

14:07 24-06-2020 | icon 833
Səfər Mehdiyev və Əbülfəz Məlikovun adı yeni qalmaqalda - Sahibkardan açıq məktub

Dövlət Gömrük Komitəsinin adı növbəti monopoliya qalmaqalında hallanır.

YeniAvropa xəbər verir ki, bu dəfə söhbət Komitənin sədri Səfər Mehdiyevə və illərin məşhur brokeri Əbülfəz Məlikova məxsus olduğu bildirilən gömrük terminalnın qanunsuzluğundan gedir. Belə ki, sahibkarın idxal etdiyi məhsul məcburən dövlətə məxsus olmayan, "AVELA MMC"yə (Bakı ş, Babək pr 92, mənz 23) məxsus gömrük terminalına yönləndirilib.Sahibkarın bağçılıqda istifadə edlməsi üçün nəzərdə tutulan 42 ədəd motosiklet (hissələrə bölünmüş halda) günlərdir ki, Səfər Mehdiyevə və Əbülfəz Məlikova məxsus olduğu bildirilən bu terminalda saxlanılır. Sahibkardan heç bir şəkildə qanuni əsaslandırılmayan fantastik məbləğdə rüsum tələb olunur.

Sahibkar, "Grant Aqroservis" MMC-nin rəhbəri Babayev Fərhad Vidadi oğlu məsələnin həlli üçün KİV vasitəsi ilə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevə "Açıq məktub" ünvanlayıb. Həmin məktubu olduğu kimi təqdim edirik:

                                                           "Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin sədri
                                                                                                                      Cənab Səfər Mehdiyevə
                                                               AÇIQ MƏKTUB
Hörmətli Səfər müəllim,
Bu açıq məktubla sizə müraciət etməyimizə səbəb, mütəmadi olaraq vurduğumuz teleqramlara  cavab verməməyiniz, sahibkarlar üçün onsuz da ağır olan bu pandemiya dövründə, gömrük orqanları və onlarla əlaqəli olan qurumlar, şirkətlər tərəfindən əlavə maneələrin yaradılması, özbaşınalığın, reketliyin baş alıb getməsidir. Aşağıda qeyd etdiyimiz məsələylə bağlı sizə teleqram vurmuş, onlayn müraciət etmiş, dəfələrlə telefonla qaynar xəttə məlumat vermişik, lakin laqeyidlik səviyyəsi o dərəcədədir ki, elə bil Azərbaycan Respublikasının deyil, hansısa qonşu dövlətin qurumuna müraciət etmişik.  
Məsələylə əlaqədar kiminlə əlaqə saxladıqsa, aşağıda şikayətçi olduğumuz şirkətin Səfər Mehdiyevə və Əbülfəz Məlikova məxsus olduğu, bu səbəbdən cəzasızlıqlarına əmin olduqları bildirildi. Əslində, sahibkarlara saxlama terminalını sərbəst seçmək imkanının verilməməsi, digər sahibkarların da bu tip terminallar yaradıb gömrük orqanları ilə əməkdaşlıq etmək imkanının olmaması, Avela MMC-nin və 1-2 digər şirkətin bu sahədə monopolist və bununla da özbaşına olması, gömrük məmurları ilə sıx əlaqəsi olmayan şəxslərin bu sahəyə müdaxiləsinin mümkün olmaması, şirkətin əməkdaşlarının "kimə istəyirsiz şikayət edin” deməsi və sadalaya biləcəyimiz yüzlərlə digər cavabsız suallar yaranmış şübhələri qidalandıran amillərdəndir.
Sizin və bu işlərdə adları hallanan digər şəxslərin dövləti təmsil etməsi, ictimai fiqur olmağınız, əsas vəzifənizin xalqa xidmət etmək olması, dövlətin əsasının xalq olması bizə yaranmış suallarımıza açıq cavab tələb etmək hüququ verir.
Xahiş edirik, yuxarıda qeyd olunanları da nəzərə almaqla aşağıdakı şikayətə münasibət bildirib, yaranmış şübhələrə, inhisarçılığa, qanunsuzluğa son qoyasınız və məsələnin həlli istiqamətində əməli tədbirlər görəsiniz.
15 iyun 2020-ci il tarixdə 42 ədəd motosklet hissələrə sökülmüş vəziyyətdə, 1 ədəd yük maşınında Azərbaycan Respublikasının ərazisinə daxil olub və məcburi olaraq AVELA MMC-yə (Bakı ş, Babək pr 92, mənz 23) məxsus gömrük terminalına yönləndirilib. Terminalın kimə məxsus olmasını uzun müddət öyrənməyə çalışsaq da əməkdaşlarından heç biri işlədiyi müəssisənin rəsmi adını və ünvanını bizə bildirə bilmədi.
17 iyun 2020-ci il tarixdən bu günədək bütün rəsmi orqanlara tərəfimizdən şikayət olunub. Mallarımızın anbar ərazisindən çıxarılmasına qeyri-qanuni maneələr yaradılır, heç yerdə qeyd olunmayan, əsaslandıra bilmədikləri yüksək haqq tələb edirlər. 
Xatırlatmaq istəyirik ki, terminalın dövlətə məxsus olmadığı bizə bildirilməyib, heç bir yerdə tariflər və ya anbarın kimə məxsus olduğu qeyd olunmayıb, tənzimlənən qiymətlər yoxdur, saxlama haqqları qanunvericiliklə tənzimlənmir, gömrük terminalında saxlamaya dair cəmiyyətlə heç bir müqaviləmiz yoxdur. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən öhdəliyin yaranması üçün qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla tərəflər arasında müqavilə olmalıdır. Cəmiyyətlə mübahisə etdikdən sonra bizə müqaviləsiz hesab faktura təqdim edir. 
Bu məktubla sizdə xahiş edirik, cəmiyyətin qeyri-qanuni hərəkətlərinin araşdırılmasına, pozulmuş hüquqlarımızın bərpasına köməklik göstərəsiniz. Nəzərə almağınızı da xahiş edirik ki, həmin nəqliyyat vasitələri bağçılıqda istifadə üçün nəzərdə tutulub. Yüzlərlə fermer bu ağır dönəmdə yığımı həyata keçirmək üçün bu malları gözləyirlər".