logo

Güclü külək Tovuz və Qazax rayonlarında fəsadlar törədib

11:36 21-06-2020 | icon 2037
Güclü külək Tovuz və Qazax rayonlarında fəsadlar törədib

“Azərişıq” ASC ötən gecədən müşahidə edilən güclü küləyin fəsadları ilə bağlı məlumat yayıb.

ASC-dən YeniAvropa-ya daxil olan məlumatda qeyd edilib ki, ötən gecədən müşahidə edilən güclü külək Tovuz və Qazax rayonlarında elektrik enerjisi təsərrüfatına ciddi ziyan vurub. Nəticədə bəzi ərazilərdə elektrik enerjisinin verilişində qısa fasilələr yaranıb.

Qərb Regional Enerjı Təchizat və Satışı İdarəsinin (RETSİ) qəza xidmətinin əməkdaşları dərhal ərazidə təmir-bərpa işləri həyata keçiriblər. Bir neçə ünvanda xəttin üzərinə aşan ağaclar kabelləri zədələyib, dayaqları yararsız hala salıb. Qəza baş verən ərazilərə əlavə material göndərilib və texnika cəlb olunub, xətlərdə bərpa işləri görülüb. Operativ tədbirlər nəticəsində abonentlər qısa zaman ərzində fasiləsiz elektrik enerjisi ilə təmin olunublar.

“Azərişıq” ASC abonentlərdən baş verən qəza və açılmalarla bağlı dərhal ASC-nin 199 saylı Çağrı mərkəzinə məlumat vermələrini xahiş edir.