logo

TƏBİB:"Yeganə ümid koronavirusun öz-özünə mutasiyaya uğramasınadır"

21:10 18-06-2020 | icon 1946
TƏBİB:"Yeganə ümid koronavirusun öz-özünə mutasiyaya uğramasınadır"

Xəstəliyin qarşısının qəti şəkildə alınması karantin rejiminin tətbiqi ilə mümkün olmayacaq. Xəstəliyin yox edilməsinin bir yolu var ki, o da xəstəlik əleyhinə peyvəndin tapılması və ya dərman müalicəsinin müəyyən olunmasıdır. Bu gün bunların heç biri yoxdur!

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün təşkil etdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı məlumat verib.

Onun sözlərinə görə, heç bir dövlətdə vaksinlərin alınması sahəsində axtarışlar ciddi nəticə verməyib: “10-a yaxın mərkəzdə aparılan tədqiqatlar daha ciddi təsir bağışlayır, hətta 2 mərkəzdə aparılan tədqiqatlar artıq 3-cü mərhələyə keçib. Ancaq onların hansı səmərə verəcəyi böyük sual altındadır. Hətta mütəxəssislər bildirirlər ki, vaksin tapılsa belə COVID-19 peyvəndinin səmərəsi ola bilsin, beş-altı aylıq olsun, sonra növbəti peyvəndlərə ehtiyac yaransın. Yəni hər il yeni çıxacaq ştamlara görə ehtiyac və zərurət yarana bilər. Burada yeganə ümid ondadır ki, bəlkə virus öz-özünə mutasiyaya uğrasın və həyatımızdan tamamilə çıxsın. Lakin buna ümid çox azdır. Buna arxayın olub yaşasaq, böyük faciələrlə üzləşə bilərik”.