logo

Prezident İlham Əliyev Vladimir Putinə "Qələbə" paradına qatılmayacağını dedi

14:32 18-06-2020 | icon 399
Prezident İlham Əliyev Vladimir Putinə "Qələbə" paradına qatılmayacağını dedi

İyunun 18-də Azərbaycan prezidenti İlham Əliyev Rusiya Federasiyasının prezidenti Vladimir Putinə telefonla zəng edib.

 YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb. 

Dövlət başçısı Azərbaycanda karantin tədbirlərinin uzadılması ilə əlaqədar Moskvada Qələbənin 75 illiyinə həsr olunmuş hərbi paradda əvvəlcədən planlaşdırılmış iştirakının mümkün olmadığını təəssüf hissi ilə bildirib və qeyd edib ki, ölkəmiz bu tədbirdə müdafiə naziri və Azərbaycan Ordusunun 75 nəfər hərbi qulluqçusu ilə təmsil olunacaqdır.

Vladimir Putin vəziyyətə anlayışla yanaşdığını qeyd edərək, telefon zənginə görə təşəkkürünü bildirib.

Dövlət başçıları Rusiya-Azərbaycan sərhədində yaranmış vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.

Prezident İlham Əliyev bildirib ki, onun Rusiya prezidenti ilə bu il mayın 18-dəki telefon danışığından ötən dövr ərzində Samur keçid məntəqəsindən 700-ə yaxın, bütövlükdə bir ay ərzində isə quru və hava yolları ilə 1000-ə yaxın Azərbaycan vətəndaşı Rusiyadan ölkəmizə gətirilib.

Prezidentlər müvafiq dövlət strukturlarına sərhəddə vəziyyətin tənzimlənməsi ilə əlaqədar əlavə tapşırıqların verilməsi barədə razılaşıblar.

Xatırladaq ki, Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 75 illiyinə həsr edilən "Qələbə" paradı  iyunun 24-də Moskvada keçiriləcək.  Azərbaycan Ordusunun 75 hərbi qulluqçusundan ibarət parad heyəti artıq Rusiyaya yola düşüb. Hərbi paradda hərbçilərimizin ölkəmizdə istehsal edilmiş silahlarla təntənəli keçidi olacaq.