logo

DSMF-dən daha bir vəzifəli şəxs həbs edildi

16:33 22-05-2020 | icon 2212
DSMF-dən daha bir vəzifəli şəxs həbs edildi

Əhalinin sosial təminatı sahəsində idarəetmənin təkmilləşdirilməsində, eləcə də ünvanlılığın və şəffaflığın təmin olunması sahəsində həyata keçirilən mütərəqqi addımlara kölgə sala biləcək mənfi amillərə, koronovirus pandemiyası fonunda aztəminatlı vətəndaşlara dövlət tərəfindən ayrılmış sosial yardım paketlərinin təyinatı üzrə çatdırılmasında yol verilən sui-istifadə hallarına və vətəndaşların hüquqlarının pozulmasına yönəlmiş digər qanunsuz hərəkətlərə qarşı kəsərli tədbirlər davam etdirilir.

Baş Prokurorluğun mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, həyata keçirilməkdə olan belə tədbirlərdən biri kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Ağdaş rayon şöbəsində aztəminatlı ailələrə sosial yardımın verilməsi üçün rüşvət tələb edilməsi barədə daxil olmuş məlumat Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində DSMF-nin Ağdaş rayon şöbəsinin məsləhətçisi Məharət Əhmədovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, xidməti vəzifəsinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə qulluq səlahiyyətlərinə zidd olaraq vətəndaşa sosial yardım verilməsinə kömək göstərilməsi müqabilində onun yaxın qohumundan 1000 manat pulu rüşvət tələb edərək, həmin pulun bir qismini aldığına şübhələr üçün əsaslar müəyyən olunub.

Baş İdarənin əməkdaşları tərəfindən xüsusi texniki vasitələrdən istifadə etməklə həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri nəticəsində M.Əhmədov həmin məbləğin qalan hissəsini mayın 21-də rüşvət kimi alarkən cinayət başında yaxalanıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb.

M.Əhmədov iş üzrə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.