logo

Çindən Azərbaycana növbəti partiyada tibbi vasitələr gətirilib

19:21 21-05-2020 | icon 2135
Çindən Azərbaycana növbəti partiyada tibbi vasitələr gətirilib

Mayın 21-də Xarici İşlər Nazirliyində Çin Xalq Respublikası tərəfindən Azərbaycana epidemiya əleyhinə yardım layihəsi çərçivəsində gətirilmiş antiepidemik vasitələrin ikinci və üçüncü dəstinin təhvil-təslim mərasimi keçirilib.

YeniAvropa xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

Tədbirdə xarici işlər nazirinin müavini Ramiz Həsənov, səhiyyə nazirinin müavini Viktor Qasımov və Çinin Azərbaycandakı səfiri xanım Qo Min çıxış ediblər.

Xarici işlər nazirinin müavini Ramiz Həsənov yeni növ koronavirusla mübarizədə Çin hökuməti tərəfindən Azərbaycan hökumətinə tibbi vasitələrin növbəti dəstinin təhvil verilməsinə dair Xarici İşlər Nazirliyində daha bir tədbirin keçirilməsinin iki ölkə arasında faydalı münasibətlərin göstəricisi olduğunu diqqətə çatdırıb.

Azərbaycan və Çin xalqlarının dostluq və əməkdaşlıq ənənələrinə sadiq qalaraq mövcud vəziyyətdə biri-birləri ilə həmrəylik nümayiş etdirdiyini qeyd edən R.Həsənov bu əməkdaşlığın həm hökumətlərarası, həm də özəl şirkətlər və regionlararası müstəvidə yer aldığını ifadə edib.

Səfir Qo Min çıxışında Çin hökumətinin Azərbaycana epidemiya əleyhinə yardım layihəsi çərçivəsində gətirilmiş antiepidemik vasitələrin ikinci və üçüncü dəstinin təhvil-təslim mərasimini təşkil etdiyinə görə Azərbaycanın Xarici İşlər Nazirliyinə səmimi təşəkkürünü ifadə edib.

Daha sonra səfir Çin üçün ən çətin dövrdə Azərbaycan hökuməti və digər ölkələrdən dost insanların Çinə müxtəlif yollarla güclü dəstək verdiyini qeyd edib. Xanım Qo Min Çin hökumətinin bu yaxşılığa cavab olaraq, bir-birinin ardınca Azərbaycana epidemiya əleyhinə yardım layihəsi çərçivəsində antiepidemik vasitələrin üçüncü dəstini - 5000 ədəd epidemiya aşkarlayıcı test, 10 qeyri-invaziv süni tənəffüs aparatı, 3500 dəst tibbi qoruyucu geyim, 600 min birdəfəlik tibbi maska, 50 min tibbi KN95 maskası və sair verdiyini bildirib. Bundan əlavə, Çin müəssisələri və qeyri-hökumət təşkilatlarının Azərbaycana epidemiya ilə mübarizədə əməli töhfələr verərək, epidemiyanın qarşısının alınması üçün çoxsaylı materialları Azərbaycana hədiyyə etmək üçün fəal tədbirlər gördüyünü deyib.

Tədbirin sonunda Viktor Qasımov və Qo Min “Çin Xalq Respublikası tərəfindən Azərbaycan Respublikasına COVID-19 pandemiyası ilə mübarizə üçün tibbi vasitələrin ikinci və üçüncü dəstinin təqdim edilməsinə dair təhvil-təslim aktları”nı imzalayıblar.