logo

Aslan İsmayılov:"Terrorçuluğa dəstək çox ciddi ittihamdır, hakimiyyət bunu sübut etməsə..."

15:15 21-05-2020 | icon 350
Aslan İsmayılov:"Terrorçuluğa dəstək çox ciddi ittihamdır, hakimiyyət bunu sübut etməsə..."

"Terrorçuluğa dəstək çox ciddi ittihamdır, cibə narkotik atmaq deyil. Hakimiyyət bunu sübut etməlidir. Sübut etməsə, təsdiqləmiş olacaq ki, öz rəqiblərini açıq-aşkar təqib edir.”

YeniAvropa xəbər verir ki, bu fikirləri hüquqşünas Aslan İsmayılov  son vaxtlar cəbhəçilərin həbsinə münasibət bildirərkən “Press Klub”a açıqlamasında səsləndirib.  O, hakimiyyətin bu həbslərlə  bağlı ciddi açıqlama verməli olduğunu vurğulayıb: " Mən hakimiyyətin islahatını dəstəkləyirəmsə, o demək deyil ki, bəyənmədiyim təşkilata qarşı qanunsuzluğu, zorakılığı dəstəkləyəcəyəm".

Aslan İsmayılov bir müddət öncə Milli Şuranın, o cümlədən AXCP-nin “vurulmuş” məmurlarla birləşib, payızda hakimiyyət dəyişikliyinə cəhd edəcəyi barədə səsləndirdiyi fikirlərinə də aydınlıq gətirib və yenə bu həmin fikrində qaldığını söyləyib: 

“Mən Azərbaycan müxalifətini yaxşı tanıyıram. Ona görə, icra başçıları həbs olunanda deyirdim ki, hakimiyyət mümkün çevriliş cəhdinə hazırlıqlı olmalıdır. Yenə həmin fikirdəyəm. Koronavirus dövründən çıxandan sonra iqtisadi problemlər üst-üstə yığılanda mən ölkədə inqilaba, çevrilişə cəhd edilməsini, xaosu istisna etmirəm. Fikrimcə, bu ssenaridə vəzifədən çıxarılanlardan Ramiz Mehdiyev, hər iki Əli Həsənov, Ziya Məmmədov, Cahangir Hacıyevin maliyyəsi, o biri tərəfdən dindarlar, separatçı qüvvələr iştirak edəcək. Milli Şura və AXCP də avanqard olacaq. Amma bu gün AXCP ətrafındakı həbslərin bununla bağlı olduğunu düşünmürəm. Çünki hələ tezdir, sentyabra, oktyabra qruplaşarlar.”

Xatırladır ki,  mayın 19-da Baş Prokurorluq AXCP sədri Əli Kərimlinin  cangüdəni-Niyaməddin Əhmədova qarşı cinayət işinin başlandığını bəyan edib.Niyaməddin Əhmədov Cinayət Məcəlləsinin 214-1-ci (terrorçuluğun maliyyələşdirilməsi) maddəsi ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunub.