logo

Nəsimi rayon DSMF-də vətəndaşın pensiyasını mənimsəyən şəxs tutuldu

13:33 20-05-2020 | icon 2758
Nəsimi rayon DSMF-də vətəndaşın pensiyasını mənimsəyən şəxs tutuldu

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsinin sabiq əməkdaşı Ramiz Seyidəliyevin qanunsuz əməlləri barədə vətəndaşın daxil olmuş müraciəti Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

 YeniAvropa xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, araşdırma zamanı Ramiz Seyidəliyevin qulluq mövqeyindən istifadə edərək vətəndaşı pensiya məbləğinin artırılmasına kömək edəcəyi vədi ilə aldadaraq pensiya kartını qanunsuz olaraq götürməklə 2013-2018-ci illər ərzində həmin kartdan ümumilikdə 83 min manat məbləğində pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyən olunub.

R.Seyidəliyev Cinayət Məcəlləsinin 178.3.2-ci (qulluq mövqeyindən istifadə etməklə küllü miqdarda dələduzluq) və 29, 178.3.2-ci (dələduzluğa cəhd) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub. Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla zərərçəkmiş şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.

Bu qanunazidd hallarla üzləşən zərərçəkmiş şəxslərdən Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin 161 nömrəli “Qaynar xətt” əlaqə mərkəzinə zəng etmələri xahiş olunur.