logo

"ExxonMobil" şirkəti Azərbaycandan getməyə hazırlaşır

13:12 20-05-2020 | icon 2527
"ExxonMobil" şirkəti Azərbaycandan getməyə hazırlaşır
 

ABŞ-ın "ExxonMobil" neft şirkəti özünün Azərbaycanın ən böyük - "Azəri-Çıraq-Günəşli "(AÇG) neft yatağındakı payının satılmasını yenidən gündəmə gətirib. 

 YeniAvropa xəbər verir ki, bu barədə “Reuters” agentliyi  məlumat yayıb. Bildirilir ki, bank və sənaye mənbələrinin məlumatına görə sözü gedən yataq Asiyanın bir sıra iri neft-qaz şirkətlərinin diqqətini cəlb edir.

Xatırladaq ki, ABŞ-ın ən böyük neft-qaz şirkəti olan "ExxonMobil" Xəzər dənizindəki "AÇG" yatağındakı 6,8 faizlik payını ilk dəfə 2018-ci ildə satmaq niyyətində olduğunu bəyan edib. Həmin vaxtdan onun rəqibi olan "Chevron" da bu yataqdakı 9.57 faizlik payının satışına hazırlığa başlamışdı.

 

“Reuters” xatırladır ki, "ExxonMobil" şirkəti satış prosesini rəsmən dayandırmasa da, bu prosesə "Chevron" öz payını Macarıstanın "MOL" şirkətinə satmaq üçün danışıqlara başlayanda bir qədər ara vermişdi. Həmin danışıqlar 2019-cu ilin noyabrında 1,57 milyard dollarlıq sazişin imzalanması ilə nəticələnmişdi.

Agentlik yazır ki, "ExxonMobil" şirkətinin payının satılması prosesi ilə məşğul olan "Bank of America"ı satış prosesini bu yaxınlarda bərpa edib. “Reuters” vurğulayır ki, bütün bu proseslər neft qiymətlərinin bir barrel üçün 30 dollar civarında qalxıb-endiyi bir vaxtda cərəyan edir. Şirkətin sözçüsü Culiya King deyib:"“ExxonMobil" özünün Azərbaycandakı qeyri-əməliyyat aktivlərinə bazar maraqlarını yoxlayır. "ExxonMobil" özünün istehsal portfoliosunu vaxtaşırı qiymətləndirir və əgər başqa şirkətlər hər hansı aktivlərdə daha böyük dəyər görsələr, biz bu aktivləri satırıq”.

Agentlik yazır ki, "ExxonMobil"in  payına Çinin “National Offshore Oil Corp”, Hindistanın "ONGC" və İndoneziyanın “Pertamina” şirkətləri maraq göstəriblər. Agentliyin xəbərinə görə, bu şirkətlər "ExxonMobil"in payını ilkin qiymətindən xeyli ucuz almağa ümid bəsləyirlər. "ExxonMobil" şirkətinin bu satışdan nə qədər pul götürmək istədiyi aydın deyil, amma bu, Chevron-un payından əhəmiyyətli dərəcədə ucuz ola bilər.

"Reuters" yazır ki, Azərbaycan dövlət neft şirkəti – SOCAR bu barədə şərh verməkdən imtina edib. BAML və “Pertamina” şirkətləri agentliyin sorğusuna cavab verməyiblər. "ONGC" şirkəti də şərh verməkdən boyun qaçırıb. Hindistandakı mənbələrindən biri bildirib ki, "AÇG"də artıq payı olan "ONGC" "ExxonMobil" şirkətinin payını alıb-almamaq məsələsi barədə hələlik qərar qəbul etməyib, lakin bu yataqdakı başqa şərikləri ilə danışıqlar aparır.

"Reuters" yazır ki, neft qiymətlərinin kəskin düşməsi nəticəsində "ExxonMobil" şirkəti ilin birinci rübündə son onilliklər ərzində ilk dəfə olaraq ziyanla işləyib və bu səbəbdən də xərclərini 30 faiz azaldıb. O da xəbər verilir ki, "ExxonMobil" ötən ildən özünün Avropa, Asiya və Afrikadakı 25 milyard dollarlıq neft və qaz yataqlarından xilas olmaq planının icrasına başlayıb. Bunun əvəzində, qərargahı Texasda olan şirkətin diqqətini ABŞ-da və xaricdəki bir neçə meqalayihələrə yönəldəcəyi deyilir.

Xatırladaq ki, "ExxonMobil" bundan əvvəl Norveçdəki aktivlərini 4.5 milyard dollara satıb və Avstraliya, Malayziya və Nigeriayada da aktiv satışı proseslərinə başlayıb. Xəzərdəki əməliyyatlarının satışı "ExxonMobil" üçün Azərbaycandakı 25 illik fəaliyyətinin sonu demək olacaq.

Qeyd edək ki, "ExxonMobil" və "Chevron" SSRİ-nin çökməsindən sonra, 1994-cü ildə Azərbaycanın hazırkı neft sənayesinin qurulmasında və “Əsrin müqaviləsi” adını qazanmış layihədə iştirak edən 5 ABŞ şirkətinin sırasında idi.