logo

Prezidentin təşəbbüsü ilə təsis edilən Ali Media Mükafatının xeyrini elə Əli Həsənov görüb...

23:16 19-05-2020 | icon 238
Prezidentin təşəbbüsü ilə təsis edilən Ali Media Mükafatının xeyrini elə Əli Həsənov görüb...

 

El məsələdir :“Qonşuda bişər, bizə də düşər”. Amma nədənsə , Mətbuat Şurasında “bişib”, Əli Həsənovun payına düşüb..

Jurnalistika sahəsində həm adı, həm də məbləğinə görə sanballı mükafatlardan biri hesab olunan Ali Media Mükafatının təsis edilməsindən 10 il ötür. Xatırladaq ki, Prezident İlham Əliyevin 2010-cu ildə “Azərbaycan mili mətbuatının 135 illik yubileyinin keçirilməsi haqqında” imzaladağı sərəncamla Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF və Mətbuat Şurasının (MŞ) üzərində müvafiq öhdəliklər qoyulub. Və bu öhədlikdən irəli gələrək, Mətbuat Şurası İdarə heyətinin 6 iyul 2010-cu il tarixli iclasının qərarı ilə Ali Media Mükafatı təsis olunub.

 Ali Media Mükafatının Əsasnaməsində göstərildiyi kimi, mükafatın məqsədi jurnalistika sahəsində xidmətləri olan şəxslərin fəaliyyətlərinin qiymətləndirilməsini təmin etməklə onların əməyinin medianın və bütövlükdə cəmiyyətin inkişafı üçün prioritet səciyyə daşıyan istiqamətlərini ictimaiyyətə çatdırmaqdan, jurnalistikanın cəmiyyət həyatındakı rolunun artırılmasını stimullaşdırmaqdan ibarətdir. Əsasnamadə, həmçinin, qeyd olunur ki, hər il 22 iyul Milli Mətbuat Günü ərəfəsində təqdim olunması nəzərdə tutulan mükafatın üç dərəcəsi və birinci dərəcə üzrə bir, ikinci dərəcə üzrə iki, üçüncü dərəcə üzrə beş laureat müəyyənləşdirilə bilər. Ali Media Mükafatının üçüncü dərəcəsi üzrə laureatların hər birinə 1000, ikinci dərəcəsi üzrə 2000, birinci dərəcə üzrə laureatın isə 5000 manat pul mükafatı nəzərdə tutulub.

 

0-1

Maraqlıdır, bu illərdə kimlər və hansı xidmətlərinə görə, Ali Media Mükafatına layiq görülüb? Suala cavab tapmaq məqsədilə kiçik araşdırma apardıq.

Məlum oldu ki, 2010-cu ildə Ali Media Mükafatının ilk laureatları – I dərəcə üzrə Milli mətbuat tarixinin öyrənilməsində və jurnalistika sahəsindəki uzunmüddətli pedaqoji fəaliyyətə görə Şirməmməd Hüseynov, II dərəcə üzrə  Azərbaycan mediasının saflığı uğrundakı xidmətlərinə və bu maqsədlə apardığı mübarizədəki prinsipial mövqeyinə görə Bəxtiyar Sadıqov və Vüqar Rəhimzadə, III dərəcə üzrə isə media sahəsindəki uzunmüddətli səmərəli fəaliyyətinə görə Rizvan Cəbiyev, Yusif Kərimov, Mədinə Həsənova, Məzahir Süleymanzadə və Ziyəddin Sultanov olub.

 2011-ci ildə isə I dərəcə üzrə, mətbuat tarixinin öyrənilməsindəki səmərəli elmi fəaliyyətinə görə iki nəfər – Şamil Vəliyev və  Nəsiman Yaqublu, II dərəcə üzrə Azərbaycan mətbuatının inkişafındakı xidmətlərinə görə Aslan Aslanov, Rauf Arifoğlu, Əhməd İsayev, III dərəcə üzrə, Azərbaycan mətbuatındakı səmərəli fəaliyyətinə görə, Tahir Aydınoğlu, Flora Xəlilzadə, Məzahir Əhmədoğlu, Arzu Şirinova, Azərbaycan həqiqətlərinin xarici ölkələrdəki təbliğinə görə İlqar Hüseynov Ali Media Mükafatı alıb.

 

 2012-ci ildə Ali Media Mükafatının I dərəcəsinə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin professoru Nəsir Əhmədli, Müasir mətbuatın inkişafına görə olan II dərəcəsinə Vüsalə Mahirqızı, Elçin Şıxlı və Rəşad Məcid, III dərəcəsinə isə Tofiq Yusifov, Hikmət Babaoğlu, Akif Aşırlı, Natiq Məmmədli, Əminə Yusifqızı layiq görülüb.

2013-cü ildə I dərəcə üzrə Cahangir Məmmədli, II dərəcə üzrə Elçin Mirzəbəyli, Bəhruz Quliyev, Tapdıq Abbas, III dərəcə üzrə isə Yusif Rzayev, Bəxtiyar Qaraca, İlqar Rüstəmov, Xalid Niyazov, Üsaməddin Əhmədov Ali Media Mükafatının laureatı olub.

 

 2014-cü ildə I dərəcəli Ali Media Mükafatı heç kimə verilməyib. Mükafatın II dərəcəsinə isə Eynulla Fətullayev, Aynur Camalqızı, və Naxçıvanda nəşr olunan “Şərq qapısı” qəzeti, III dərəcəsinə isə Rüstəm Məlikov, Eldəniz Həsənov, Amil Novruzov, Şakir Yaqubov, Hidayət Elvüsal, İlqar Həsənov və “Azərbaycan müəllimi” qəzeti layiq görülüb.

2015-ci ildə I dərəcə üzrə, Azərbaycan mətbuat irsinin qorunmasındakı xidmətlərinə görə “Kaspi” qəzeti, II dərəcə üzrə, Azərbaycana qarşı aparılan anti-təbliğatla fəal mübarizəyə görə Aydın Quliyev və Müşfiq Ələsgərli mükafatlandırılıb. III dərəcə üzrə, Azərbaycanın mətbu irsinin öyrənilməsindəki xidmətlərinə görə Esmira Cavadova, Azərbaycan mətbuatının inkişafındakı xidmətlərinə görə Bahəddin Həziyev, Türk dünyasının media qurumları ilə səmərəli əməkdaşlığın qurulmasındakı xidmətlərinə görə İlqar İlkin, “Gürcüstanın azərbaycanlı jurnalistləri” kitabına görə Nizami Məmmədov və Mahmud Kamal, Azərbaycan həqiqətlərinin dünyada təbliğindəki xidmətlərinə görə “CBC” telekanalı Ali Media Mükafatı ilə təltif olunub. Həmçinin I Avropa Oyunlarının təşkilindəki xidmətlərinə görə “UBM Group” şirkətindən Ülviyyə Məmmədova Ali Media Mükafatının xüsusi dərəcəsi ilə təltif edilib.

2016-cı ildə I dərəcə üzrə, Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin yaradıcılığından bəhs edən “İşığa gedən yol” romanına görə Sona Vəliyeva, II dərəcə üzrə, Azərbaycan həqiqətlərinin təbliğindəki xidmətlərinə görə Umud Rəhimoğlu, media sahəsindəki uzunmüddətli səmərəli fəaliyyətinə görə Müsəllim Həsənov, III dərəcə üzrə Media sahəsindəki uzunmüddətli səmərəli fəaliyyətlərinə görə Seyfəddin Hüseynli, Azər Ayxan, Aida Eyvazova, Rəfiqə Sadıqova və Rəşid Hüseynov laureat olub.

Ali Media Mükafatının 2017-ci ildə qalibləri isə I dərəcə üzrə, Azərbaycan jurnalistikasının inkişafındakı xidmətlərinə görə Telli Pənahqızı, II dərəcə üzrə Azərbaycan mediasında uzunmüddətli səmərəli fəaliyyətinə görə Qabil Abbasoğlu, Xaricdə Azərbaycan həqiqətlərinin media müstəvisindəki təbliğinə görə Azər Həsrət, III dərəcə üzrə, Gürcüstanla Azərbaycan arasında media sahəsindəki əməkdaşlıqda fəal təşəbbüskarlığına görə İslam Əliyev, mətbuat sahəsində səmərəli elmi təqdiqatlarına, mətbu irsimizin öyrənilməsindəki xidmətlərinə görə Qərənfil Dünyaminqızı, Azərbaycan mediasında uzunmüddətli səmərəli fəaliyyətinə görə İsmayıl Hacıyev, Aprel şəhidi, polkovnik Raquf Orucovdan bəhs edən “Murov qartalı” kitabına görə Elşən Əliyev və Elxan Salahov, Bölgə mətbuatının inkişafındakı xidmətlərinə və 70 illik yubileyinə görə  “Mingəçevir işıqları” qəzeti olub.

2017-nin qalibləri 2018-ci ilin mart ayının 14-də, Mətbuat Şurasının 15 illik yubileyi ilə bağlı keçirilən mərasimdə təqdim olunub. O zamandan sonra isə Ali Media Mükafatı heç kimə verilməyib.

Ali Media Mükafatının çox da uzaq olmayan tarixinə nəzər yetirdikdə bir sıra məqamlar sual doğurur:

– Hansı səbəbdən Ali Media Mükafatının 2018 və 2019-cu illər üzrə laureatı olmayıb?

– Ali Media Mükafatının Əsasnaməsinin 4.3.2 bəndində qeyd olunur ki, birinci dərəcə üzrə 1, ikinci dərəcə üzrə 3, üçüncü dərəcə üzrə 5 laureat müəyyənləşdirilə bilər. Ancaq 2011-ci ildə Mükafatın birinci dərəcəli iki laureatı olub. Həmçinin mükafatın məqsədinin jurnalistika sahəsində xidmətləri olan şəxslərin fəaliyyətlərinin qiymətləndirilməsindən ibarət olduğu halda, I Avropa Oyunlarının təşkilindəki xidmətlərinə görə “UBM Group” şirkəti xüsusi dərəcəsi ilə təltif olunub. MŞ niyə mükafatın əsasnaməsini pozub?

– Mükafatın 2014-cü ildə birinci dərəcəli laureatının olmamasının səbəbi nə olub? Olmaya ölkədə bu yerə layiq jurnalist tapılmayıb?

– Necə olub ki, Ali Media Mükafatı ard-arda iki il, 2015 və 2016-cı illərdə Əli Həsənovun ailəsinin qismətinə düşüb?

– O cümlədən bu il mükafatın verilməsi nəzərdə tutulurmu?

Bu və mövzu ilə bağlı digər sualların cavabını isə növbəti yazımızda oxuya biləcəksiniz.

Ardı var…

 Rumiyyə MİRASLAN, Konkret.az