logo

Eldar Əzizov Bakı sakinlərinə çağırış etdi: "Qaydalara riayət edək!"

20:10 18-05-2020 | icon 2051
Eldar Əzizov Bakı sakinlərinə çağırış etdi: "Qaydalara riayət edək!"

"Dünən ictimai nəqliyyatda bir şəkil çəkilib. Bakıda avtobusda çəkilən şəkildə bir nəfər belə maska taxmayıb. Bakı sakinlərinə müraciət edirəm ki, qaydalara riayət edək".

YeniAvropa xəbər verir ki, bu fikri Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Nazirlər Kabineti yanında operativ qərargahın mayın 18-də KİV nümayəndələri üçün təşkil etdiyi brifinqdə səsləndirib. Tədbirdə  Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov, Dənizkənarı Bulvar İdarəsinin rəisi İlqar Mustafayev, TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva iştirak ediblər. 

Eldar Əzizov  bildirib ki, Bakıda dezinfeksiya işləri xəstəlik aşkar olunmazdan qabaq həyata keçirilib. Bakıda icra hakimiyyətinin balansında 11 700 bina var. Küçələr xüsusi maddələrlə yuyulur. Texnika və xüsusi maddələr baxımından çatışmazlıq yoxdur. Əzizov qeyd edib ki, yaxın gələcəkdə çimərliklərin açılması nəzərdə tutulub. Ancaq çimərliklərdə də sosial məsafə və digər tələblərə riayət etmək lazımldır.

Əhali maska taxmır...

O,  əlavə edib ki, aparılan işlərə baxmayaraq, vətəndaşlar tibbi maskadan istifadə etməsələr, sosial məsafəni saxlamasalar, koronavirusa yoluxmada ikinci dalğadan özümüzü qoruya bilməyəcəyik.

Çimərliklər də açılacaq...

Eldar Əzizov qeyd edib ki, yaxın gələcəkdə çimərliklərin açılması nəzərdə tutulub.

Ancaq çimərliklərdə də sosial məsafə və digər tələblərə riayət etmək lazımdır.

Uşaq bağçaları açılmayacaq...

E.Əzizov uşaq bağçaları ilə bağlı sualı cavablandırıb. Bildirib ki, paytaxtda olan uşaq bağçalarının açılması ilə bağlı bu gün dəqiq nəsə demək olmaz. Mütəxəssislər nə qərar qəbul etsə, həmin qərar ictimaiyyətə açıqlanacaq. E.Əzizovun sözlərinə görə, yaxın gələcək üçün uşaq bağçalarının açılması gözlənilmir.

 Bulvarda gəzinti şərtləri...

Dənizkənarı Bulvar İdarəsinin rəisi İlqar Mustafayev isə qeyd edib ki, fürsətdən istifadə edib yararsız attraksionlar və iaşə obyektləri bulvar ərazisindən çıxarılıb. Qaydalara görə, bulvar ərazisində 10 nəfərdən artıq qruplarda gəzmək olmaz. İaşə obyektlərində masalararası məsafə 2 metrdən, masa ətrafında əyləşənlər arasında məsafə 1 metrdən az olmamalıdır. Bulvar İdarəsinin mühafizə bölməsi ilə Daxili İşlər Nazirliyinin Çevik Polis Alayı bu gündən etibarən bulvar ərazisində xidmət aparacaq. Gəmilər, attraksionlar hələ ki, işləməyəcək.

Bu gündən karantin rejimi yumşaldılıb...

İbrahim Məmmədov deyib ki, bu gün saat 00.00-dan xüsusi karantin rejimindən çıxışın yeni mərhələsi başlayıb. Bakıda ictimai nəqliyyat, parklar, bulvarlarla bağlı yeni həyat başlayır. Məmmədov əlavə edib ki, indiyə qədər Bakıda xüsusi karantin rejimi, karantinlə bağlı işlər görülüb. Bu gündən Bakıda yaranan rejimlə bağlı əhalinin məlumatlandırılmasına ehtiyac var.

Rayonlara gediş-gəlişə icazə veriləcəkmi?

İ. Məmmədov məlumat verib ki, rayonlara gediş-gəliş sanitar-epidemioloji vəziyyətdən asılıdır.Mütəxəssislər gediş-gəlişin əhali üçün təhlükəli olmamasını nə zaman mümkün hesab etsələr, bu barədə qərar veriləcək.

Toylar nə vaxt keçirilə bilər...

İbrahim Məmmədov bildirib ki, toyların iyun-iyul aylarında keçiriləcəyi barədə bu gün hələ bir şey demək olmaz.

"Bugünkü vəziyyətə istinad edə bilərik ki, şadlıq evlərinin açılması gözlənilmir. Amma bu, bugünkü statistikaya aiddir, növbəti həftə nə baş verəcək, statistika, sanitar-epidemioloji vəziyyət necə olacaq, ona uyğun qərar veriləcək", -Məmmədov bildirib.

Repetitorlara qrup şəklində hazırlıq keçmək qadağandır...

İbrahim Məmmədov repetitorlarla bağlı məsələyə aydınlıq gətirib. Onun sözlərinə görə, onlar yalnız fərdi qaydada fəaliyyət göstərə bilərlər. Amma növbəti həftələrdə bununla bağlı qaydalar yoluxma statistikasına uyğun olaraq yumşaldıla bilər.

İndiyə qədər belə göstərici olmayıb...

Yaqut Qarayeva  deyib ki, Azərbaycanda son həftədə, yəni mayın 11-dən 17-dək koronavirusa 755 yoluxma halı qeydə alınıb. İndiyə qədər isə belə göstərici olmayıb. Bu, sosial məsuliyyətsizliklə bağlıdır. Hazırkı dövrədək ölkəmizdə 3 387 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 2 055 nəfər müalicə olunaraq sağalıb, 40 nəfər vəfat edib.

İdman zalları açılacaqmı?

Y.Qarayeva idman zallarının açılması ilə bağlı sualı cavablandırıb. O deyib ki, idman zallarında bir çox idman alətləri birgə istifadə edilir.

İdman zallarının açılması bu baxımdan mürəkkəbdir. Ancaq bu məsələ də müzakirə olunur, metodiki göstərişlər üzərində iş aparılır.