logo

“RoyalBank”ın rəhbərləri barəsində cinayət işi məhkəməyə göndərilib

14:31 18-05-2020 | icon 273
“RoyalBank”ın rəhbərləri barəsində cinayət işi məhkəməyə göndərilib

Ləğv edilmiş “RoyalBank” ASC-nin Müşahidə Şurasının sədri Əli Cam və onun oğlu, bankın kredit departamentinin direktoru, İdarə Heyətinin sədr müavini və baş direktor vəzifələrində işləmiş Fuad Cam tərəfindən vətəndaşların adlarına saxta kredit müqavilələri rəsmiləşdirilməklə pul vəsaitlərinin talanması və digər xüsusatlar üzrə başlanmış cinayət işi üzrə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində aparılmış istintaq tamamlanıb.

 YeniAvropa xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, istintaqla Əli Camın və Fuad Camın qabaqcadan əlbir olaraq qulluq mövqelərindən istifadə edərək Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyindən kənd təsərrüfatı kreditlərinin verilməsi üçün “RoyalBank” ASC-nin hesabına köçürülmüş pul vəsaitlərini 2007-2012-ci illər ərzində rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə 31 müxtəlif hüquqi və fiziki şəxslərin adına sənədləşdirməklə krediti həmin şəxslərə verməyərək onlara etibar edilmiş 8,5 milyon manat məbləğində pul vəsaitlərini mənimsəmələrinə əsaslı şübhələr müəyyən olunub.

Bundan başqa, Əli və Fuad Camın qanunsuz rəsmiləşdirdikləri iri məbləğli kreditlər üzrə ümumilikdə 7,3 milyon manat məbləğində pul vəsaitini Hindistan, Fransa və digər ölkələr olmaqla, cəmi 19 ölkədə yerləşən bank hesablarına və şirkətlərə köçürüb həqiqi mənbəyini gizlətməklə leqallaşdırmalarına şübhələr üçün əsaslar müəyyən edilib.

Keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Fuad Cam ötən il iyunun 24-də Azərbaycan ərazisinə qayıdarkən tutulub. Əli Cam isə 2019-cu il 6 iyul tarixdə ölkəmizə ekstradisiya olunub. Həmin şəxslərə Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə), 313-cü (vəzifə saxtakarlığı), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 193-1.3.2-ci (Cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə istintaq tamamlanaraq baxılması üçün aidiyyatı üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.